...

MSK sədri Ukraynada parlament seçkilərini müşahidə edəcək

Siyasət Materials 14 Sentyabr 2007 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 30-da Ukraynada keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Bu barədə cümə günü Trend ə MSK-dan məlumat verilib.

Pənahovun səfəri Ukrayna və Azərbaycan MSK-ları arasında 2000-ci ildə imzalanmış əməkdaşlığa dair memorandum çərçivəsində baş tutacaq. Həmin memoranduma əsasən, Ukraynanın MSK-sı Azərbaycanın MSK sədrini parlament seçkilərini müşahidə etməyə dəvət edib.

Pənahovun rəhbərliyi ilə MSK-nın beş nəfərlik nümayəndə heyəti sentyabrın 28-dən oktyabrın 1-dək Kiyevdə olacaq.

Ukraynadakı seçkiləri müşahidə etmək üçün MSK-ya, həmçinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan da dəvət gəlib. MSK bir nəfər nümayəndəsini, ATƏT-in qısa müddətli müşahidə missiyasının tərkibində, Ukraynaya ezam edəcək. Həmin qısamüddətli müşahidə isə sentyabrın 26-dən oktyabrın 3-dək davam edəcək.

Bundan əvvəl MSK-nın nümayəndələri avqustda Qazaxıstanda keçirilmiş parlament seçkilərində ATƏT-in uzunmüddətli və qısamüddətli missiyalarının tərkibində iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti