...

Demokratiya Uğrunda İttifaq: "Azərbaycanın işğal olunmuş ərazilərində antiterror əməliyyatı aparılmalıdır"

Siyasət Materials 25 Sentyabr 2007 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Üç müxalifətçi partiyanın təmsil olunduğu Demokratiya Uğrunda İttifaq (DUİ) Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə işğal olunmuş ərazilərdə - Dağlıq Qarabağda antiterror əməliyyatları aparlımasını təklif edir. Bu barədə İttifaqın təşkilatçılığı ilə çərşənbə axşamı keçirilən "Qarabağ Forumu" adlı tədbirdə məlumat verilib.

İttifaqın Dağlıq Qarabağ probleminin müddətli həllinə dair hazırladığı təkliflər sənədi Forumda müzakirəyə çıxarılıb. Sənəddə təklif edilir ki, Azərbaycan rəsmi səviyyədə müəyyən müddət elan etməli və bu vaxt başa çatdıqdan sonra işğal altında olan ərazilərində antiterror əməliyyatlarına başlamalıdır. Təklif müəllifləri hesab edir ki, "Antiterror əməliyyatları" qətiyyən müharibə kimi başa düşülməməli və qəbul edilməməlidir. Çünki bir dövlət öz ərazisində müharibə apara bilməz. Əməliyyatlar işğal olunmuş ərazilərdə Azərbaycan hakimiyyətinə və qanunlarına tabe olmayan erməni terrorçu-separatçı qruplaşmasının zərərsizləşdirilməsinə yönəldilməlidir.

Sənəddə eyni zamanda təklif olunur ki, Azərbaycan sülh danışıqlarından imtina etməməli, Ermənistanla aparılan danışıqlarda dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması tələbləri qoyulmalıdır. Sənəd Azərbaycanın dövlət başçısına ünvanlanacaq.

Təkliflə bağlı fikrini bildirən Qarabağ döyüşçüsü Gültəkin Quliyeva bildirib ki, Qarabağda antiterror əməliyyatları aparılması ideyasını dəstəkləyir, lakin bu təklifin reallaşacağına, Azərbaycan hakimiyyətinin torpaqları işğaldan azad edəcəyinə inanmır.

Milli Dirçəliş Hərəkatının rəhbəri Fərəc Quliyev hesab edir ki, Azərbaycan torpaqlarını Ermənistan işğal etdiyi üçün hərbi əməliyyatlar məhz ona qarşı yönəlməlidir: "Azərbaycan öz ərazisi olan Dağlıq Qarabağda antiterror əməliyyatları aparsa belə, Ermənistanı danışıqlar prosesindən uzaqlaşdırmamalıdır. Çünki o zaman Qarabağdakı separatçıların danışıqlarda iştirak etməsi gündəmə gələ bilər" - deyə Quliyev bildirib.

Mövzu ilə bağlı şərh verən hərbi ekspert Ələkbər Məmmədov bildirib ki, Qarabağda antiterror əməliyyatları aparılması mümkündür. O hesab edir ki, münaqişənin həlli prosesinə Ermənistanın cəlb olunması ilə bu ölkə beynəlxalq səviyyədə özünə və Qarabağdakı separatçılara dəstək qazanmağa çalışıb. Ekspertin fikrincə, Qarabağdakı separatçıların guya "öz müqəddəratını təyinetməsi hüququndan istifadə etməsi" kimi təbliğatına imkan verməməli və vaxtında antiterror əməliyyatı aparılmalı idi.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək tərəflər arasında sülh danışıqları davam etdirilir. Danışıqlarda üç ölkənin həmsədrlik etdiyi (ABŞ, Rusiya, Fransa) ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Demokratiya Uğrunda İttifaqda üç müxalifət partiyası - Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları təmsil olunur.

İttifaq siyasi partiyaların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq "Qarabağ Forumu" keçirir, bu münaqişənin həlli yollarına dair müxtəlif təkliflər hazırlayıb Prezident Aparatına təqdim edir.

Xəbər lenti

Xəbər lenti