Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Kommunist Partiyasının (AKP) ikiyə bölünmüş tərəfləri ayrı-ayrılıqda qurultay keçirsələr, tərəflərdən biri digərini məhkəməyə verəcək. Bu barədə Trend ə AKP-nin sədr müavini Rüstəm Şahsuvarov açıqlama verib.
AKP-nin sədri Ramiz Əhmədov vəfat etdikdən sonra partiya iki yerə - sədr müavinləri Rüstəm Şahsuvarov və Rauf Qurbanovun tərəfdarlarına bölünüblər. Partiyanın sentyabrın 22-də keçirilən Plenumunda Qurbanov sədr müavini vəzifəsindən azad edilib. Qurbanovun tərəfdarları isə, Plenumu tərk edərək, Mərkəzi Komitənin buraxılmasına qərar verib və qurultayın çağırılması üzrə Təşkilat Komitəsi yaradıblar.
Şahsuvarovun tərəfdarları isə, oktyabrın 14-də qurultay keçirəcəklər. Onların sədrliyə namizədi Şahsuvarovdur. Digər tərəfin nümayəndləri isə, öz qurultaylarında Qurbanovu sədr seçmək niyyətindədirlər.
Qarşı tərəfin qurultaya hazırlaşması ilə bağlı münasibətini açıqlayan Şahsuvarov bildirib ki, onların bu addımı AKP-nin Nizamnaməsinə ziddir: "Əgər onlar qanunsuz şəkildə AKP adından qurultay keçirib , sənədlərini Ədliyyə Nazirliyinə təqdim etsələr, biz onları məhkəməyə verəcəyik. Çünki, partiyanın Plenumunda 70 üzvdən 63-ü iştirak edib, 57-si Qurbanvun vəzifəsindən azad edilməsinin lehinə, cəmi 6-sı əleyinə səs verib. 6 nəfər Mərkəzi Komitəni buraxa və ayrılıqda qurultay keçirə bilməz",-deyə Şahsuvarov bildirib.
Onun sözlərinə görə, Qurbanovun tərəfdarları barəsində partiyada hələlik tədbir görülməyib. Şahsuvarov deyib ki, qanunsuz qurultay keçirməkdən imtina etsələr, partiyaya qayıda bilərlər.
AKP solçu, müxalifətyönlü partiyadır.