...

Erməni deputatların sabah Bakıya gələcəyi gözlənilir

Siyasət Materials 2 Oktyabr 2007 14:26 (UTC +04:00)
Erməni deputatların sabah Bakıya gələcəyi gözlənilir

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QİƏT PA) Mədəniyyət, Təhsil və Elm Komitəsinin oktyabrın 3-4-də Bakıda keçiriləcək iclasında Ermənistanı təmsil edən deputatların da iştirak edəcəyi gözlənilir. Bu barədə çərşənbə axşamı Azərbaycanın QİƏT PA-dakı nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Asəf Hacıyev bildirib.

"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 12 üzvü var. Türkiyədə keçirilən parlament seçkilərindən sonra bu ölkənin qurumdakı nümayəndə heyəti formalaşdırılmayıb. Ukraynada isə parlament seçkiləri yenicə keçirilib. Ona görə də bu ölkələr komitənin iclasında iştirak etməyəcək. Ermənistanın iclasda iştirak etməyəcəyinə dair bizə heç bir məlumat verilməyib və erməni deputatların toplantıya qatılacaqları gözlənilir" - deyə Hacıyev bildirib. Ermənistan QİƏT PA-da üç deputatla - Vladimir Badalyan, Qarik Minasyan və Mexak Mxitaryanla təmsil olunur.

Badalyan Mədəniyyət, Təhsil və Elm Komitəsinin sədr müavinidir. Mədəniyyət, Təhsil və Elm Komitəsinin iclasında Qara dəniz bölgəsində insanların yaşayış səviyyəsinin qaldırılması məsələsi müzakirə olunacaq.

QİƏT PA-da 12 ölkə - Azərbaycan, Albaniya, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Türkiyə, Ukrayna, Serbiya və Ermənistan təmsil olunur.

Belarus və Rusiya Şurası Parlament Məclisinin və Dünya Səhhiyə Təşkilatının nümayəndələri iclasda qonaq qismində iştirak edəcəklər.

"Mədəniyyət, Təhsil və Elm Komitəsinin iclasında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması, işğal altında olan ərazilərin ermənilər tərəfindən yandırılması, mədəni, tarixi abidələrin dağıdılması məsələlərini qaldıracağıq. Biz iclas iştirakçılarının nəzərinə çatdıracağıq ki, Ermənistanın Azərbaycana qarşı işğalı bölgənin inkişafına mənfi təsir göstərir" - deyə millət vəkili əlavə edib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin may ayının 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.

Xəbər lenti

Xəbər lenti