...

Müxalifət partiyasının sədri: "Bəzi müxalifət partiyalarının hakimiyyətdən asılılığı seçki ərəfəsində özünü göstərəcək"

Siyasət Materials 3 Oktyabr 2007 13:56 (UTC +04:00)
Müxalifət partiyasının sədri: "Bəzi müxalifət partiyalarının hakimiyyətdən asılılığı seçki ərəfəsində özünü göstərəcək"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifət adı altında fəaliyyət göstərib, müxalifətçilik missiyasını yerinə yetirməyən partiyaların hakimiyyətdən asılılığı gələn il prezident seçkisi ərəfəsində özünü büruzə verəcək. Bu fikirləri çərşənbə günü Trend ə açıqlamasında müxalifətçi Milli Demokratiya Partiyasının sədri İsgəndər Həmidov bildirib.

Onun fikrincə, gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində müxalifət partiyalarının birliyi mümkün olmayacaq və onlar seçkidə pərakəndə şəkildə iştirak edəcəklər: "Çünki bəzi müxalifətçi partiyalar hakimiyyətdən qidalanır, bəziləri xarici fondlardan. Onlar maliyyə qaynaqları üzündən öz siyasətlərində sərbəst deyillər" - deyə Həmidov bildirib.

Onun sözlərinə görə, hakimiyyət həmçinin xarici fondların əli ilə müxalifətin bölünməsinə, zəiflədilməsinə çalışır. Ona görə də qrantlar hesabına fəaliyyət göstərən partiyalar nəticə etibarilə, hakimiyyətin maraqlarına xidmət edir.

Həmidovun fikrincə, xarici çevrələrin də Azərbaycanda öz maraqları var: "Dünyada artıq belə bir təcrübə var ki, güclü, varlı dövlətlər öz maliyyə fondları vasitəsilə özündən zəif dövlətlərə təsir göstərməyə, onların daxilində qeyri-sabitlik yaratmağa çalışırlar. Buna görə Azərbaycanda xarici fondlardan maliyyələşən müxalifət partiyaları onların təsiri altındadır" -deyə Milli Demokratiya Partiyasının sədri bildirib.

İsgəndər Həmidov 1992-93-cü illərdə Azərbaycanın daxili işlər naziri olub. Azərbaycan Milli Demokratiya Partiyası iqtidara qarşı müxalifət mövqeyindədir. Partiya hazırda "Demokratiya Uğrunda İttifaq"da təmsil olunur.

Xəbər lenti

Xəbər lenti