...

Millət vəkili: "Azərbaycanın gələcəkdə əhalinin azalması problemi ilə üzləşməməsi üçün uşaqlara dövət tərəfindən kapital verilməsi vacibdir"

Siyasət Materials 3 Oktyabr 2007 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Azərbaycanın gələcəkdə əhalinin azalması problemi ilə üzləşməməsi üçün dünyaya gələn uşaqlara dövət tərəfindən kapital verilməsi vacibdir. Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov çərşənbə günü Bakıda bildirib ki, dünyaya gələn uşağın gələcək təminatı üçün ona dövlət tərəfindən kapital verilməlidir.

"Dünyaya gələn hər bir uşaq üçün üç min, iki uşaq üçün on min ABŞ dolları vəsait ayrılıb, banka köçürülməldir" - deyə Novruzov əlavə edib.

Azərbaycanda ünvanlı sosial yardımların verilməsi ilə əlaqədar olaraq 2005-ci ildən uşaqpullarının verilməsi dayandırılıb. Həmin dövrdə bir nəfər uşağa köhnə Azərbaycan manatı ilə doqquz min manat (bir manat 80 qəpik) uşaqpulu verilirdi.

Ukrayna və Rusiya kimi keçmiş SSRİ respublikalarında dünyaya gələn uşaqların bankda olan hesablarına təxminən 15-20 min dollar vəsait köçürülür.

Novruzov vurğulayıb ki, həmin kapitalı valideynə verməmək, yəni bankda uşağın adına olan hesaba köçürmək olar və valideyn hər ay həmin vəsaitin faizini almaqla övladını böyüdə bilər. Eyni zamanda, uşaq böyüyəndən sonra adına bankda olan vəsaitin faizini almaqla öz problemlərini həll edə bilər.

"Hazırda Azərbaycanın kifayət qədər gəlirləri var ki, dünyaya gələn uşaqların gələcək təminatı üçün bankda onların adına olan hesaba vəsait köcürsün" - deyə Novruzov əlavə edib.

Millət vəkili qeyd edib ki, belə olan təqdirdə uşaqlar yetginlik yaşına çatanda onun hesabında kifayət qədər vəsait olacaq. Onun fikrincə, bu isə gələcək nəsillərin inkişafına xidmət edəcək.

Novruzov bildirib ki, əvvəllər Azərbaycanda bir ailədə orta hesabla 6-7 nəfər olurdusa, hazırda bu rəqəm 3-4 nəfərə düşüb: "Azərbaycan əhalisinin sayının azalmasının qarşısını almaq üçün indidən müəyyən addımlar atmaq lazımdır. Eyni zamanda, uşaqların normal təhsil alması, tərbiyə olunması və sağlam böyüməsi üçün bu sahəyə kapital ayrılması vacibdir. Ölkəyə gələn gəlirlərin insan resurslarının inkişafına yönəldilməsi zəruridir".

Xəbər lenti

Xəbər lenti