...

Azərbaycanın bir rayon və bir şəhərinin statusu dəyişdiriləcək

Siyasət Materials 5 Oktyabr 2007 13:24 (UTC +04:00)
Azərbaycanın bir rayon və bir şəhərinin statusu dəyişdiriləcək

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın Ağcəbədi rayonunun Hindarxı kəndinə qəsəbə statusu, Füzuli rayonunun Horadiz qəsəbəsinə isə şəhər statusu veriləcək. Milli Məclisin Regional məsələlər daimi komissiyasının cümə günü keçirilən iclasında bununla bağlı qanun layihələri müzakirə edilib və təsdiqlənib.

Parlamentin Regional məsələlər daimi komissiyasının sədri, deputat Arif Rəhimzadə bildirib ki, Ağcəbədinin Hindarxı kəndində hazırda 7min 557 nəfər əhali yaşayır. Kəndin ümumi ərazisi isə 4500 hektardır. Kənddə 3 məktəb, 4 uşaq bağçası, 2 aptek, 57 ticarət obyekti fəaliyyət göstərir: "Hindarxı kəndi son illərdə xeyli inkişaf edib və genişlənib, ona görə də bu kəndə qəsəbə statusu verilməlidir".

Rəhimzadə qeyd edib ki, Füzuli rayonunun böyük bir hissəsi ermənilər tərəfindən işğal olunduqdan sonra Horadiz qəsəbəsi rayon mərkəzi kimi fəaliyyət göstərir. Ona görə də qəsəbə kifayət gədər genişlənir. Bu isə Horadiz qəsəbəsinə şəhər statusu verilməsi zərurəti yaradıb. Onun sözlərinə görə, Füzulinin bir neçə kəndini də Horadiz qəsəbəsi ilə birləşdirib, onlara şəhər statusu verilməsi nəzərdə tutulsa da, sakinlər bununla razılaşmayıb. Ona görə də həmin kəndlərin Horadizə birləşdirilməsi təxirə salınıb.

Komissiyanın iclasında Şəki rayonunun Şıxoba kəndi ləğv olunub. Rəhimzadə bunu həmin kənddə son 30-40 ildə heç kimin yaşamaması ilə izah edib. Kənd uzaqda yerləşdiyinə görə sakinlər kəndi tərk ediblər.

Hər 3 məsələnin parlamentin iclasında müzakirəyə çıxarılması haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti