Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Qazaxıstanın bazar ertəsi Azərbaycanda rəsmi səfərdə olan müdafiə naziri Danial Axmetovun jurnalistlərə verdiyi məlumata görə, Azərbaycan və Qazaxıstan hərbi-dəniz donanması sahəsində əməkdaşlıq edə bilərlər.
"Biz hərbi sahədə insan resursları ilə bağlı daha da yaxından əməkdaşlıq edə, birgə təlimlər keçirə bilərik" - deyə nazir bildirib.
Nazirin sözlərinə görə, ilin sonunda Qazaxıstanda yeni silah növü meydana gələcək ki, digər ölkələr buna maraq göstərdiyi təqdirdə, biz bu məsələni diqqətlə nəzərdən keçirəcəyik. "Azərbaycan və Qazaxıstanın müdafiə nazirlikləri arasında daha yaxın əməkdaşlıq qurmağa ehtiyac var və biz hər iki tərəfin potensial imkanlarını araşdıracağıq" - deyə Axmetov bildirib.
Nazirin sözlərinə görə, Qazaxıstan sülh dialoqunu dövlətlərin sülh şəraitində yaşamasının əsas istiqamətlərindən biri hesab edir. "Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll olunacaq" - deyə nazir bildirib.