...

Müsavat funksioneri: "Müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi məsələsi gündəmdən çıxarılmalıdır"

Siyasət Materials 16 Oktyabr 2007 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Müsavat Partiyası hesab edir ki, müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi məsələsi gündəmdən çıxarılmalıdır. Bu barədə çərşənbə axşamı Bakıda müxalifəti təmsil edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

"Müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi məsələsi ətrafında aparılan müzakirələrdə spekulyasiyaya yol verilir. Bu məsələ demoqoqiya mövzusuna çevrilib və müxalifət qüvvələrində mərkəzdənqaçma meyillərinin yaranması ilə nəticələnir, insanların müxalifətdən narazı düşməsinə gətirib çıxarır. Ona görə də vahid namizədin müəyyənləşdirilməsi məsələsi gündəmdən çıxarılmalıdır", -deyə Hacılı əlavə edib.

Son 10 ildə müxalifət qüvvələri prezident seçkilərində vahid namizədlə iştirak etmək məsələsini müzakirə etsə də, bunun heç bir nəticəsi olmayıb. Prezident seçilməkdə iddialı olan partiya sədrləri bir-birinə güzəştə getməyiblər. Siyasi müşahidəçilər hesab edirlər ki, müxalifət prezident seçkisində vahid namizədlə iştirak etməsə, heç bir nəticə əldə edə bilməyəcək.

Müsavat funksionerinin fikrincə, vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı aparılan müzakirələr müxalifət partiyalarının diqqətini əsas problemlərdən yayındırır: "Müxalifətin enerjisini belə məsələlərin müzakirəsinə sərf etmək düzgün deyil".

Hacılı qeyd edib ki, Müsavat Partiyası, vahid namizəd əvəzinə, vahid elektorant ideyasını irəli sürür: "Bu ideyanın mahiyyəti ondan ibarətdir ki, narazı elektoratı Müsavat Partiyasının namizədi ətrafında birləşdirək və cəmiyyəti öz namizədimizin daha şanslı olduğuna inandıraq. Bunun vasitəsi ilə uğur qazanmaq mümkündür".

Müxalifəti təmsil edən sağ-mərkəzçi Müsavat Partiyası 20-ci əsrin əvvəllərində yaradılıb və 1992-ci ildə yenidən bərpa olunub. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Müsavat Partiyası Milli Məclisdə 5 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti