...

Bakı və Moskvada Xəzərin iqtisadi və təhlükəsizlik məsələləri müzakirə olunacaq

Siyasət Materials 16 Oktyabr 2007 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A. Qasımova, D. Xatınoğlu/ 2008-ci ildə RF prezidenti Vladimir Putinin rəhbərliyi altında keçiriləcək iclas zamanı Xəzərin iqtisadi məsələləri müzakirə olunacaq. Bu barədə çərşənbə axşımı Xəzər sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında İran prezidenti Mahmud Əhmədinejad bildirib.

İran prezidentinin sözlərinə görə, iqtisadi məsələlərin Moskvada müzakirə olunacağı dövrə qədər Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Bakıda Xəzər dənizinin təlükəsizlik məsələlərinə həsr olunmuş iclas keçiriləcək. Görüşdə beş ölkənin XİN rəhbərləri iştirak edəcək və Xəzərin təhlükəsizliyi ilə bağlı konvensiya işləyib hazırlayacaqlar.

Əhmədinejadın sözlərinə görə, dövlət başçıları belə bir razılığa gəliblər ki, Xəzər dənizi sülh və dostluq dənizi olmalıdır və Xəzər dənizinin ərazisi hər hansı bir ölkəyə hücum etmək üçün hücum meydanı kimi istifadə oluna bilməz. "Xəzər dənizi narkotik vasitələr, silah daşınması üçün tranzit kimi istifadə oluna bilməz, dənizin təbii və ekoloji resurslarını qorumaq lazımdır. Balıqçılıq, gəmiçilik və Xəzər dənizi vasitəsilə tranzit, beş Xəzəryanı dövlətin bayrağı altında və digər ölkələrin hüquqlarına hörmət etməklə həyata keçirilməlidir" - deyə İran prezidenti bildirib.

Bu gün İranda beş Xəzəryanı dövlətin -- İran, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan dövlətlərinin sammiti baş tutub. Prezidentlər keçmiş SSRİ-nin süqutundan sonra hələ də həll olunmamış Xəzərin statusu məsələsini müzakirə ediblər. Sammitin yekunu olaraq, birinci rəsmi sənəd qismində, Bəyannamə qəbul olunub və sənəd Xəzərin hüquqi rejimi üzrə Xəzəryanı dövlətlər tərəfindən imzalanıb.

Xəbər lenti

Xəbər lenti