Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan müxalifətinin aparıcı qüvvələri sayılan "Azadlıq" bloku, Müsavat Partiyası və Azərbaycan Demokratik Partiyası (ADP) Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı noyabrın 7-8-də keçiriləcək müzakirələrin təşkilatçılığında İFES-in də iştirakına etiraz edir. Bu barədə çərşənbə günü Trend ə açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər məlumat verib.
"Azadlıq" bloku, Müsavat və ADP seçki qanunvericiliyinin dəyişdirilməsinə dair
vahid mövqedən çıxış etmək barədə ötən gün razılığa gəliblər. Tərəflər seçki komissiyalarının tərkibinin iqtidarla müxalifət arasında paritet əsasda (bərabər) formalaşdırılmasını, komissiyalarda yerlərin tam yarısı iqtidar nümayəndələri, qalan yarısının ADP, Müsavat, ALP və AXCP-nin nümayəndələrindən ibarət olmasını təklif edirlər.
Avropa Şurası Venesiya Komissiyası ilə Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) birgə təşkilatçılığı və siyasi partiyaların iştirakı ilə noyabrın 7-8-də Bakıda Seçki Məclləsinin təkmilləşdirilməsi məqsədilə "dəyirmi masa" keçiriləcək. "Azadlıq" bloku, ADP və Müsavat birgə bəyanat qəbul edib, "dəyirmi masa"nın İFES tərəfindən təşkil olunmasına və geniş tərkibdə keçirilməsinə etiraz olaraq, tədbirə qatılmayacaqlarını bildiriblər.
Qəmbər bildirib ki, "Azadlıq" bloku, ADP və Müsavat seçki qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə keçiriləcək müzakirələrin İFES tərəfindən təşkil olunmasını təqdir etmirlər, çünki "İFES siyasi dairələrdə etimada malik qurum deyil", onun son illərdəki fəaliyyəti Azərbaycanın demokratik qüvvələrini qane etmir.
"Digər tərəfdən, dəyirmi masanın formatı səmərəli fəaliyyət üçün imkan yaratmır. Biz səmərəli ola biləcək diskusiyalarda iştirak etməkdə maraqlıyıq. Biz etik qaydalar çərçivəsində, fikrimizi, kimə lazımdır, çatdırdıq və hesab edirik ki, nə demək istədiyimizi başa düşürlər"-deyə Müsavat başqanı bildirib.
Seçki komissiyalarında müxalifətdən yalnız "dördlər"in təmsil olunması təklifinin digər müxalifət partiyaları tərəfindən etirazla qarşılanacağına gəldikdə, o bildirib ki, onlar digər siyasi qüvvələrin fikirlərini dinləməyə hazırdırlar: "Bu gün önəmli olan seçki komissiyalarının paritet formalaşmasına nail olmaqdır. Ondan sonra seçki komissiyalarında demokratik düşərgənin mükəmməl, əksəriyyətin maraqlarını təmin edəcək şəkildə təmsilçiliyini həll etmək mümkündür"-deyə Müsavat başqanı bildirib.
2005-ci ildə parlament seçkilərində iştirak etmək üçün müxalifəti təmsil edən ADP, AXCP və Müsavat partiyalarının birgə təsisçiliyi ilə "Azadlıq" seçki bloku yaradılmışdı. Seçkidən sonra ALP və Vətəndaş və İnkişaf Partiyası bloka qoşulub. Müsavat parlamentin işində iştirak etdiyi üçün, ADP isə hakimiyyətə münasibətində yeni kurs qəbul etdiyi üçün blokdan çıxıblar. Hazırda "Azadlıq" blokunda AXCP, ALP, Vətəndaş və İnkişaf partiyaları təmsil olunur.
ADP, AXCP, ALP və Müsavat partiyaları 2003-cü ilin prezident seçkilərində öz namizədlərini irəli sürüb, 2005-ci ilin parlament seçkilərində ölkə üzrə seçicilərin 1 faizdən çox səsini qazanıblar.