...

Millət vəkili Azərbaycan diplomatlarının maaşlarının artırılmasını təklif edir

Siyasət Materials 1 Noyabr 2007 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.İlhamqızı, İ.Əlizadə/ Azərbaycanın millət vəkili Asim Mollazadə Azərbaycanın diplomatlarının maaşlarının artırılmasını və İsraildə səfirliyin açılmasını təklif edir. Bu barədə Mollazadə Milli Məclisin "Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr" daimi komissiyasının cümə axşamı keçirilən iclasında təklif səsləndirib.

Azərbaycanın dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzairəsinə həsr olunmuş iclasda deputat Mollazadə bildirib ki, Azərbaycanın diplomatiyasına peşəkarların cəlb olunması, bunun üçün diplomatik sistemdə çalışan məmurların maaşlarının artırılması lazımdır.

O, hesab edir ki, büdcə vəsaitlərinin bir hissəsi Azərbaycan dövlətinin xaricdəki mülkiyyətinin əldə olunmasına sərf edilməlidir: "Bu, Azərbaycan dövlətinin gəlirlərini artıra bilər, çünki dünyada daşınmaz əmlakın qiymətləri inflyasiyadan daha tez qalxır" deyə Mollazadə bildirib.

Millət vəkili, həmçinin, təklif edib ki, XİN, Mədəniyyət Nazirliyi ilə birgə, Parisdə Azərbaycanın mədəniyyət mərkəzini açmalıdır. Onun fikrincə, bu, Azərbaycan mədəniyyətini dünyada tanıtmaq istiqamətində müsbət addım olardı.

Mollazadə 2008-ci ildə Azərbaycanın İsraildə səfirliyinin açılmasını da vacib sayır. Onun fikrincə, Azərbaycanın İsraildə səfirliyinin olmaması, dünyada gedən informasiya müharibəsində, erməni lobbisi ilə mübarizədə Azərbaycanın mövqelərini zəiflədir.

Komissiyanın iclasında iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov isə bilidrib ki, diplomatik sistemdə maaş az olduğundan, XİN orqanlarında işləmək istəyənlərin sayı ildən-ilə azalır. 2006-ci ildə imtahat yolu ilə XİN-də işə qəbul olmaq üçün sənəd verənlərin sayı 700 nəfər idisə, 2007-ci ildə bu rəqəm 360 nəfər olub. Əməkdaşlar, maaşın yüksək olduğu xarici şirkətlərə axın edirlər.

2007-ci ildə dövlət büdcəsindən XİN aparatının maliyyələşdirilməsi üçün 3,3 milyon manat vəsait ayrılıb. XİN təklif edib ki, bu vəsait 8,5 milyon manata qədər artırılsın. Lakin Maliyyə Nazirliyinin təşəbbüsü ilə 2008-ci ilin dövlət büdcəsində XİN-nin maliyyələşdirilməsinə 5,2 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

XİN-də attaşe vəzifəsində çalışanlar 250 manat, referentler 200, I katib 280 manat, II katib 260 manat maaş alır.

Xəbər lenti

Xəbər lenti