...

MSK sədri:"Seçki Məcəlləsinə dair hamını qane edəcək qərarı gözləmək özünü aldatmaq deməkdir"

Siyasət Materials 5 Noyabr 2007 17:33 (UTC +04:00)
MSK sədri:"Seçki Məcəlləsinə dair hamını qane edəcək qərarı gözləmək özünü aldatmaq deməkdir"

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı hamını razı salacaq qərarların qəbulu mümkün deyil. Bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi məqsədilə Avropa Şurası Venesiya Komissiyası ilə İFES-in birgə təşkilatçılığı və siyasi partiyaların iştirakı ilə noyabrın 7-8-9-da Bakıda toplantılar keçiriləcək.

Pənahov bilidrib ki, bu toplantılar Venesiya Komissiyası ilə aparılan danışıqların davamıdır. Üçgünlük tədbirlərdə iki məsələ - seçki komissiyalarına daxil olan müraciətlərə baxılması və seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması müzakirə olunacaq.

MSK sədri bildirib ki, müzakirələrə bütün siyasi partiyalar dəvət olunub və tərəflər öz təkliflərini irəli sürəcəklər: "Bu müzakirələri keçirməkdə məqsəd odur ki, ən rasional, ictimaiyyət tərəfindən qəbul edilən təkliflər qəbul olunsun. Amma bütün ictimaiyyətin qəbul edəcəyi qərarların veriləcəyini gözləmək əvvəldən özünü aldatmaq deməkdir. Bu, o deməkdir ki, insanlarda şüuraltı antidemokratik təsəvvürlər var"-deyə MSK sədri bildirib.

O, AXCP, ADP, ALP və Müsavat partiyalarının Seçki Məcəlləsinə dair müzkirələrdə iştirak etməyəcəkləri barədə bəyanatlarına da münasibətini açıqlayıb: "Bizim üçün heç bir əhəmiyyəti yoxdur. Bütün partiyalar tədbirə dəvət olunublar, onlar gələ də bilərlər, gəlməyə də. Bu, onların öz işidir"-deyə Pənahov bildirib.

Xəbər lenti

Xəbər lenti