...

"Azadlıq" bloku Azərbaycandakı siyasi vəziyyətin təhlilinə dair sənəd hazırlayıb

Siyasət Materials 6 Noyabr 2007 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" siyasi bloku 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinin qeyri-demokratik olacağını düşünür və "həyacan təbili" çalır. Blok yerli ictimaiyyəti və beynəlxalq təşkilatları seçki islahatlarının reallaşması üçün aktiv fəaliyyətə çağırır. Trend in məlumatına görə, bu barədə "Azadlıq" blokunun çərşənbə axşamı "prezident seçkisi öncəsi Azərbaycandakı vəziyyət" mövzusunda keçirdiyi Dəyirmi masada blokun həmsədri Əli Kərimli açıqlama verib.

Gələn il oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. "Azadlıq" müxalifət bloku seçkilərə bir il qalmış Azərbaycandakı siyasi vəziyyətin təhlilinə dair sənəd hazırlayıb.

Sənəd barədə açıqlama verən Kərimli bildirib ki, "Azadlıq" bloku seçki öncəsi vəziyyətin azad, ədalətli seçki keçirilməsinə imkan vermədiyini düşünür. Onun sözlərinə görə, insan haqları, seçki qanunvericiliyi, söz azadlığı, azad siyasi fəaliyyət sahələrindəki problemlər həll edilməmiş qalır.

"Azadlıq" blokunun hesabat sənədində deyilir ki, nüfuzlu "Freedom House" təşkilatı "Dünyada azadlıq" adlı illik hesabatlarında Azərbaycan 2004-cü ilə qədər qismən azad ölkə, həmin vaxtdan sonra isə qeyri-azad ölkə hesab olunur. "Fredom House" təşkilatının 2007-ci il üçün keçid ölkələrinə dair hesabatında isə Azərbaycan sabit totalitar rejimlər sırasına daxil edilib.

"Azadlıq" blokunun sənədində, həmçinin bildirilir ki, AMİP, Müsavat, AXCP ofislərindən qanunsuz olaraq çıxarılıblar, Azərbaycanda elektron KİV üzərində hakimiyyətin inhisarı saxlanılır. Hazırda 8 jurnalist həbsdədir, yerli hüquq-müdafiəçilərinin rəylərinə görə isə ölkədə 50-dən artıq siyasi məhbus var.

Blokun liderləri tədbirdə bəyan ediblər ki, bütün problemləri nəzərə alaraq, gələn il keçiriləcək seçkilərin saxtalaşdırılacağı onlarda şübhə doğurmur.

"Azadlıq" blokunda Azərbaycanın müxalif Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti