...

Müxalifət lideri: "Seçki komissiyalarının hazırkı tərkibi ilə ölkədə demokratik seçki keçirmək mümkündür"

Siyasət Materials 8 Noyabr 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycanın müxalifət partiyası hesab edir ki, seçki komissiyalarının hazırkı tərkibi ilə ölkədə demokratik seçki keçirmək mümkündür. "Əsas demokratik seçki istəyinin olmasıdır. Əgər demokratik seçki keçirmək istəyi olarsa, hazırda qüvvədə olan Seçki Məcəlləsi və seçki komissiyaları ilə demokratik seçki keçirmək mümkündür" cümə axşamı Trend ə açıqlamasında müxalifətyönlü Ədalət Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü İlyas İsmayılov bildirib.

Avropa Şurası Venesiya Komissiyasının təşkilatçılığı ilə noyabrın 7-də Bakıda Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsinə həsr olunmuş Dəyirmi masa keçirilməyə başlayıb. Dəyirmi masada Azərbaycan hökuməti, hakim və müxalifət partiyalarının nümayəndələri, ATƏT, Avropa Şurası və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) təmsilçiləri iştirak edir. Tədbirdə əsasən seçki komissiyalarının tərkibinin dəyişdirilməsi məsələsi müzakirə olunur.

Müxalifəti təmsil edən ADP, AXCP, ALP və Müsavat partiyaları Avropa Şurasının Venesiya Komissiyası və İFES-in birgə təşkilatçılığı, siyasi partiyaların iştirakı ilə noyabrın 7-8 və 9-da Bakıda keçirilən Seçki Məcəlləsinin müzakirələrinə dair Dəyirmi masada iştirak etmir. "Dördlər" həmin tədbirin geniş formatda keçirilməsinə və təşkilatçılardan birinin İFES olmasına etiraz olaraq müzakirələrə qatılmırlar.

İsmayılovun fikrincə, əgər Azərbaycanın Seçki Məcəlləsində seçki komissiyalarının formalaşdırılması prinsipləri ilə bağlı dəyişiklik edilərsə, komissiyalar heç bir siyasi partiyanın üzvü olmayan peşəkar şəxslərdən təşkil olunmalıdır.

"Seçki komissiyalarının beş partiyanın nümayəndələrindən formalaşdırılması təklifi reallığı əks etdirmir və düzgün yanaşma deyil. Onların təkcə özlərini müxalifət hesab etməsi düzgün fikir deyil" deyə Ədalət Partiyasının sədri əlavə edib.

İsmayılov hesab edir ki, AXCP, ADP, ALP və Müsavat Partiyası şəxsi qrup maraqlarından çıxış edirlər.

Partiya sədri vurğulayıb ki, hakimiyyətlə müxalifət arasında bütün mübahisəli məsələlər dialoq yolu ilə həll olunmalıdır.

Qeyd edək ki, müxalifətçi Ədalət Partiyası 1993-cü ildə yaradılıb, 1996-cu ildə ADP-yə birləşib. 2000-ci ildə "Ədalət"çilər ADP-dən ayrılaraq partiyanın fəaliyyətini bərpa ediblər. 2001-ci ildən indiyək Ədalət Partiyasına İsmayılov sədrlik edir. İsmayılov Azərbaycan SSR-nin baş prokuroru və müstəqil Azərbaycanın ədliyyə naziri vəzifələrində işləyib. O, 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub və hazırda Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti