Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hakim partiyası hesab edir ki, prezident seçkiləri zamanı yalnız bir televiziyada namizədlərin reklamı getməlidir. "Dünya praktikasına əsasən, namizədlər yanlız dövlət televiziyasından reklam vasitəsi kimi istifadə edirlər. Azərbaycanda isə, elə televiziyalar var ki, bütün sutkanı seçki kampaniyasına həsr edir. Bu da vətəndaşların hüquqlarını pozur" deyə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov cümə axşamı Trend ə açıqlamasında bildirib.
Hazırda qüvvədə olan Seçki Məcəlləsinə görə, Azərbaycanda prezidentliyə namizədlərə dövlət televiziyasında və İctimai televiziyada pulsuz efir vaxtı ayrılır. Özəl televiziyalarsa, namizədlərin reklamı ilə ödəniş əsasında məşğul olurlar.
Novruzov qeyd edib ki, hakim partiya dövlət büdcəsindən prezidentliyə namizədlərə ayrılan vəsaitin geri qaytarılması ilə bağlı təkliflər də hazırlayıb.
"Ölkə üzrə ümumi seçicilərin 3 faizinin səsini toplaya bilməyən namizədlər dövlət tərəfindən ayrılan bütün vəsaiti geri qaytarmalıdır", -deyə YAP rəsmisi əlavə edib.
Prezident seçkiləri zamanı dövlət büdcəsindən qeydə alınmış namizədə 15 min ABŞ dolları ayrılır.
YAP seçkilərdə təbliğat kampaniyası dövrünün dörd aydan iki aya qədər azaldılmasını da vacib hesab edir.
Azərbaycanda prezident seçkiləri 2008-ci ilin oktyabrın 15-də keçiriləcək.
Qeyd edək ki, YAP 1992-ci ilə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.