Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ İranda yeni ilin əvvəlinə planlaşdırılan parlament seçkilərində müxalifət partiyalarının qalib gəlmək ehtimalı azdır. "İran parlamentinə növbəti seçkilərdə müxalif partiyaların qələbəsinə inanmıram" - İran politoloqu Ümid Ərəb (Omid Arab) belə hesab edir.
İranın sabiq lideri və hazırda Məsləhət Şurasının sədri Haşimi Rəfsəncani, İran prezidenti Mahmud Əhmədinejadın radikal mövqe tutmasını pisləyərək, ölkə daxilində müxalif qüvvələrə qarşı təzyiqlərin olduğunu bildirb. İranın İRNA agentliyinin noyabrın 13-də yaydığı məlumata əsasən, Rəfsəncani növbəti parlament seçkilərində ədalətsizliyin və saxtakarlığın olacağından nigaranlığını bildirib. Sabiq prezident regiondakı gərginliyin İran üçün təhlükəli olduğunu vurğulayaraq bildirib ki, ABŞ-ın İrana təhdidləri çox ciddidir , ölkə daxilində də birlik yoxdur. İran prezidenti ölkənin sabiq prezidentlərini nüvə məsələsində güzəştdə günahlandırıb və bəzi müxalif qüvvələri "xəyanətkar" və "casus" adlandıraraq, onları məhkəməyə verəcəyini bildirib.
Ərəb çərşənbə axşamı Tehrandan telefonla "Trendə" bildirib ki, regiondakı gərginlik və ABŞ-ın İrana təhdidləri çox təhlükəlidir, ancaq bu, seçkilərin nəticəsinə təsir göstərə bilməz. "Məncə, partiyaların seçkiqabağı münaqişəsi adi haldır. Seçkilərdə kimin -- müxalifətin yaxud iqtidarın qalib gələcəyi nüvə məsələləri ilə bağlı mövqedən asılı deyil. Millət sosial problemləri həll edən qüvvələrə səs verəcək və xarici təhdidlər seçkilərə təsir göstərməyəcəkdir - deyə İran politoloqu bildirib. Ərəbin fikrincə, müxalif və islahatçı partiyaların qalib gəlmək şansı çox azdır və bunun da səbəbi İranda müxalif partiyaların daxilindəki fikir ayrılıqlarıdır. Həmçinin, keçmiş iqtidar partiyalar iqtisadi və siyasi baxımdan, Əhmədinejadın dövlətindən də uğursuz fəaliyyət göstəriblər.
Digər İran politoloqu Əhməd Zeydabadi bu gün telefonla Tehrandan Trend ə bildirib ki, İran parlamentinin növbəti seçkilərdə qalib gələcəyinə ümid yoxdur. "Bunun səbəbi, Əhmədinejadın birmənali şəkildə müxalif qüvvələri aradan qaldırmağa cəhd etməsidir. Məncə, müxalif partiyaların üzvlərinə seçkilərə qatılmağa da imkan verməyəcəklər. Hakimiyyət xarici düşmənləri bəhanə edərək, daxildə olan müxalif qüvvələrin fəaliyyətini dayandırmaqda özünə haqq qazandırır. "Islahatçı" qüvvələr hər gün təcrid olunur və azadlıqlar təxminən yox səviyyəsindədir. İran həm daxildə, həm də xaricdə ciddi böhranla üzləşib və bunun səbəbi hazırkı hakimiyyətdir. Belə şəraitdə rəqabət qeyri-mümkündür"- deyə, Zeydabadi bildirib. Onun fikrincə, Əhmədinejad parlament seçkilərində islahatçı qüvvələrin çoxluqtəşkil edəcəyindən qorxur."Hakimiyyət, xarici və daxili siyasətində böyük səhvlər edib. Əhmədinejadın radikal və uğursuz diplomasiyasına Milli Məclis birmənalı şəkildə mane ola bilər. Bundan çəkinən dövlət, müxalifətin seçkilərdə qələbəsinin qarşısını almağa çalışır"-deyə, Zeydabadi bildirib.