Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ Rəsmi Tehranın nüvə məsələsi ilə bağlı siyasətini dəyişməməsi, İrana qarşı daha sərt sanksiyaların tətbiq olunması ilə nəticələnəcək. "Son variant olaraq İrana qarşı ən sərt sanksiyaların qoyulacağına inanıram" - Türkiyədə fəaliyyət göstərən iranlı politoloq Arif Kəskin bildirib.
Dekabrın 1-də BMT-nin rəhbərlər səviyyəsində keçirilən iclasında 5+1 ölkələri İrana qarşı 3-cü qətnamənin ilkin variantını hazırlamaq qərarına gəliblər. BMT Təhlükəsizlik Şurası indiyədək İrana qarşı iki qətnamə (1737-ci və 1747-ci) tətbiq edib.
Kəskin bazar ertəsi Ankaradan telefonla Trend ə bildirib ki, Qərbdə İrana qarşı tətbiq ediləcək yeni sanksiyaların daha da sərt olacağı qaçılmazdır. "İran beynəlxalq ictimaiyyətin tələblərinə baxmayaraq, nüvə planını davam etdirir. İranın uranı zənginləşdirməsi onun müttəfiqləri hesab olunan Çin və Rusiyanın da marağında deyil. ABŞ, Fransa, Britaniya və dolayısıyla Almaniya İrana qarşı enerji və maliyyə sanksiyalarının gücləndirilməsini istəyir. Bu növ sanksiyalar İranın sosial və iqtisadi şəraitində böhran yaradacaq qədər güclu olsa da, rəsmi Tehranın nüvə məsələsi ilə bağlı siyasətini dəyişdirməyəcək" - deyə Kəskin bildirb.
İranın İRNA agentliyinin dekabrın 1-də yaydığı məlumata əsasən, İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, İran əleyhinə yeni sanksiyaların tətbiqi mümkünsüzdür və ehtimal olunmur. XİN sözçüsü Məhəmmədəli Hüseyni bildirib ki, İran əleyhinə yeni sanksiyalar bu ölkənin nüvə planını əngəlləyə bilməz. Həmçinin, xarici işlər naziri Mənuçehr Müttəki isə bildirib ki, yeni sanksiyalar qəbul olunarsa, BMT-nin bəzi qüvvələrlə bağlı olmasına dair şübhə yaranacaq.
İranın "Farsnews" agentliyinin məlumatına əsasən, ölkənin sabiq viste-prezidenti Möhsün Əminzadə İran prezidentinin populist çıxışlarını və qeyri-diplomatik davranışlarını pisləyərək, ölkənin beynəlxalq aləmdən təcrid olmasını və dünya səviyyəsində nüfuzuna xələl gətirilməsini birbaşa Əhmədinejadın yanlış siyasəti ilə bağlayır. "Əhmədinejadın İranın nüvə planının inkişafında 10% payı yoxdur. Halbu ki, ondan qabaqkı prezidentlər dövründə bu planın 90%-i inkişaf etdirilmişdi və heç bu qədər dünyanın etirazına səbəb olmamışdı" - deyə Əminzadə bildirib.