...

Azərbaycanlı müşahidəçilər Rusiya Dumasına seçkilərdə nəticələrə təsir edəcək qanun pozuntuları baş vermədiyini deyirlər

Siyasət Materials 3 Dekabr 2007 14:30 (UTC +04:00)
Azərbaycanlı müşahidəçilər Rusiya Dumasına seçkilərdə nəticələrə təsir edəcək qanun pozuntuları baş vermədiyini deyirlər

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli, İ.Əlizadə/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Rusiyada keçirilən parlament seçkilərinin demokratik keçdiyini bəyan edib. "Rusiyanın Dövlət Dumasına keçirilən seçkilərdə nəticələrə təsir edəcək qanun pozuntuları baş verməyib" Moskvada seçkiləri izləyən MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bazar ertəsi telefonla Trend ə bildirib.

Azərbaycan MSK-nın sədri Məzahir Pənahovun rəhbərlik etdiyi 5 nümayəndə heyəti bazar günü Rusiyada keçirilən parlament seçkilərini müşahidə edib. Azərbaycan müşahidəçiləri Moskvadakı məntəqələrdə səsverməni izləyiblər.

Rusiya Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatlarına görə, artıq səsvermə bülleteinlərinin 98%-i hesablanıb. Seçicilərin 64,1% səsini qazanan hakim "Vahid Rusiya" Partiyası liderdir. Komminist Partiyası 11,6%, Liberal Demokrat Partiyası 8,2, Ədalətli Rusiya Partiyası 7,8% səs toplayıb.

Qasımov bildirib ki, səsvermə zamanı seçicilər günün birinci yarısı passiv, ikinci yarısı isə aktiv olublar. Onun sözlərinə görə, səsvermənin nəticələri ilə bağlı Pənahov rusiyalı həmkarı Vladimir Çurovla da görüşüb və Azərbaycan müşahidəçilərinin rəyi barədə məlumat verib.

Rusiyada keçirilən seçkiləri müşahidə edən Azərbaycan Parlamentinin deputatları da hesab edirlər ki, seçkilərdə nəticələrə təsir edən ciddi qanun pozuntuları baş verməyib. Bu barədə bazar ertəsi Rusiyanın Dağıstan Muxtar Respublikasının paytaxtı Mahaçqaladan telefonla MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvü, Azərbaycan Parlamentinin yəhudi əsilli deputatı Yevda Abramov məlumat verib.

"Biz seçkilərdə hər hansı partiyanın xeyrinə və ya ziyanına kütləvi saxtakarlıq edildiyini müşahidə etməmişik. Parlament seçkilərində iştirak edən və məğlub olan müxalifət partiyalarının nümayəndələri ilə də müzakirələr aparmışıq. Onlar da seçkilərin nəticələrini qəbul edirlər və reallığı bildiklərinə görə, hər hansı narazılıqları yoxdur. Ona görə də biz ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların seçkilərdə ciddi qanun pozuntularının olmasına dair mövqeyini dəstəkləmirik və ona haqq qazandırmırıq" - deyə Abramov əlavə edib.

Azərbaycan Parlamentinin beş deputatı - Yevda Abramov, Elton Məmmədov, Mirkazım Kazımov, Sabir Hacıyev və Xəlilbəy Günəşov MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində Dərbənd və ətraf rayonlarrın beş məntəqəsində seçkiləri müşahidə ediblər.

Abrmovun fikrincə, 2 dekabr seçkiləri ideal səviyyədə olmasa da, indiyə qədər Rusiyada keçirilən seçkilərdən daha demokratik və şəffaf formada baş tutub. Onun sözlərinə görə, səsvermə zamanı əhalinin fəallığı müşahidə olunub: "Seçkilər Rusiya və beynəlxalq qanunlara uyğun keçirilib".

Azərbaycanlı deputat bildirib ki, seçkilərdə bir sıra xırda qanun pozuntuları baş verib. Bura seçici siyahılarındakı qeyri-dəqiqlik, bəzi seçicilərin siyahıya düşməməsi, hüquq-mühafizə orqanları əməkdaşlarının seçki məntəqələrindən 50- 100 metr aralıda dayanmalı olduqları halda məntəqələrə daxil olmaları, bir nəfərin bir neçə nəfərin əvəzinə səs verməsi daxildir.

Abramov qeyd edib ki, MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyası seçki ilə bağlı yekun rəyini çərşənbə axşamı açıqlayacaq.

Xəbər lenti

Xəbər lenti