...

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Britaniyanın turizm operatorunun Dağlıq Qarabağa səyahətlərin təşkil etməsini ciddi şəkildə araşdırır

Siyasət Materials 7 Dekabr 2007 17:33 (UTC +04:00)
Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Britaniyanın turizm operatorunun Dağlıq Qarabağa səyahətlərin təşkil etməsini ciddi şəkildə araşdırır

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Britaniyanın turizm operatoru tərəfindən işğal altında olan Dağlıq Qarabağ ərazilərinə səyahətlərin təşkil olunmasını ciddi şəkildə araşdırır.

"Səfirlik nəticələri, araşdırma başa çatandan dərhal sonra ictimaiyyətə açıqlamağı planlaşdırır" - deyə Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov cümə günü Londondan telefonla verdiyi məlumatında bildirib.

Böyük Britaniya hökumətinin "həll edilməyən mübahisə" və "atışmalara görə" Dağlıq Qarabağa səfərdən imtina haqqında tövsiyələrinə baxmayaraq, Londonun "Sunvil Discovery ltd" turizm operatoru britaniyalı turistlərə Ermənistana və Dağlıq Qarabağa on günlük turist səfərləri təklif edir. Britaniyanın turizm agentliyinin rəsmi saytının məlumatında bildirilir ki, uçuş, yarım pansion, bilet və kiçik xərclər daxil olmaqla, səyahətin qiyməti 1627 funt sterlinqdir. "Sunvil Discovery LTD" bu marşrut üzrə fərdi səyahətlər də təşkil edir.

"Bizim bu günədək Dağlıq Qarabağ münaqişəsi barədə məlumatımız olmayıb" - deyə əvvəllər turizm agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sara Belçer Londonda Trend ə bildirib.

"Sunvil Discovery" Britaniyanın Turizm Agentlikləri Assosiasiyasının üzvüdür. Turizm agentliyi 1970-ci ildən fəaliyyət göstərir.

Britaniyanın Turizm Agentlikləri Assosiasiyasından verilən məlumatda bildirilir ki, şirkət öz müştərilərinə hara getdiklərini bildirməlidir, lakin Assosiasiya şirkəti proqramı təxirə salmağa məcbur edə bilməz. "Biz bu işə qarışa bilmərik. Bu, turizm operatorunun və onun müştərilərinin şəxsi işidir" - deyə Assosiasiyadan bildiriblər.

Azərbaycanın işğal olunmuş ərazilərinə turist səyahətlərinin təşkil olunması Beynəlxalq Turist Təşkilatının tövsiyələrinə və beynəlxalq hüquq normalarına ziddir. Bununla əlaqədar, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Turizm Təşkilatından Britaniyanın turizm operatoru tərəfindən Dağlıq Qarabağa turların təşkil olunması ilə bağlı izahat verməsini tələb edir. Bu barədə nazirliyin Baş turizm idarəsinin rəisi Aydın İsmiyev cümə günü Trend ə müsahibəsində bildirib.İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz,sülh danışıqları aparılır.

.

Xəbər lenti

Xəbər lenti