Azərbaycan, Bakı Trend müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti vətəndaşlara məxsus torpaqların dövlət tərəfindən alınması zamanı qiymətlərin müəyyənləşdirilməsi qaydalarını dəyişdirib. Bu məqsədlə Milli Məclisin cümə günü keçirilən iclasında Mülki Məcəlləyə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, dövlətin ehtiyaclarını ödəmək üçün vətəndaşlara məxsus torpaqlar alınan zaman qiymətləri icra hakimiyyəti sturukturunda yaradılmış komissiya müəyyən edəcək. Komissiya bu zaman bazardakı real qiymətləri nəzərə almalıdır.
Mülki Məcəlləyə görə, indiyə qədər dövlətin ehtiyaclarının ödənilməsi üçün vətəndaşlardan torpaq sahələri alınarkən, qiymətlər mülkiyyətçi ilə icra hakimiyyəti orqanı tərəfindən, qarşılıqlı razılıq əsasında müəyyən edilirdi.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri, deputat Əli Hüseynov qeyd edib ki, əgər torpağı alınan vətəndaş komissiya tərəfindən müəyyənləşdirilən qiymətlərlə razılaşmasa, məhkəməyə müraciət edə bilər.
Vətəndaşlar torpağının alınması ilə bağlı bildiriş aldıqdan 90 gün tez və 180 gün gec olmayaraq ərazini boşaltmalıdırlar.
Müzakirələrdən sonra Milli Məclis əlavə və dəyişiklikləri qəbul edib.