...

Azərbaycanın müxalif partiyaları arasında yeni əməkdaşlıq sazişi imzalana bilər

Siyasət Materials 11 Dekabr 2007 11:43 (UTC +04:00)
Azərbaycanın müxalif partiyaları arasında yeni əməkdaşlıq sazişi imzalana bilər

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın müxalif Müsavat və Xalq Cəbhəsi partiyalarının prezident seçkisi öncəsi yeni əməkdaşlıq sazişi imzalana bilər. "Biz Azərbaycanın ümummilli problemləri, demokratikləşməsi istiqamətində demokratik qüvvələrlə, o cümlədən Xalq Cəbhəsi Partiyası ilə əməkdaşlığa hazırıq" çərşənbə axşamı Trend ə Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

Bazar günü Müsavat başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimlinin 3 saata yaxın təkbətək görüş keçirməsi barədə məlumat yayılıb. Qapalı keçirilən görüşdə seçki komissiyalarının formalaşdırılması, 2008-ci ilin oktyabrında baş tutacaq prezident seçkisinin demokratik keçirilməsində birgə mübarizənin perspektivləri, yeni müxalifət birliyinin yaradılması məsələlərinin müzakirə olunduğu qeyd edilir. Onların bir ay öncə də şəhər kənarında qapalı görüşdükləri barədə məlumat yayılmışdı. 2005-ci il parlament seçkilərindən sonra hər iki lider arasında ciddi fikir ayrılığı və soyuqluq yaranmışdı. Son iki ildə onlar arasında hər hansı görüş və müzakirələr aparılmayıb, bir-birlərinə müxalif mövqedə durublar.

Qəmbərin sözlərinə görə, onlar arasında qapalı görüşlər keçirilməsə də, yaxın vaxtlarda keçirilən müxtəlif tədbirlərdə görüşərək müzakirələr aparıblar. Müsavat başqanı müzakirələrin predmeti barədə məlumat verməyib.

AXCP sədri Kərimli də çərşənbə axşamı Trend ə açıqlamasında Müsavatla rəhbərlik etdiyi partiya arasında əməkdaşlığı mümkün sayıb. Kərimli yaxın günlərdə Sülh və Demokratiya İnstitutunun keçirdiyi tədbirdə Qəmbərlə görüşdüyünü və müzakirələr aparıldığını deyib. Lakin AXCP sədri qapalı görüşün olmadığını bildirib.

Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Kərimli sədrlik edir.

Xəbər lenti

Xəbər lenti