...

"Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın inkişafı təmin olunub" - hakim partiyanın icra katibi

Siyasət Materials 11 Dekabr 2007 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycanın eks-prezidenti Heydər Əliyevin geniş fəaliyyəti nəticəsində ölkənin inkişafı təmin olunub. "Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin Azərbaycan qarşısında xidmətləri və onun yerinə yetirdiyi missiya quruculuq missiyası olub. Ötən əsrin 90-cı illərində Azərbaycan dövlətçiliyi ciddi hədələrlə üzləşdiyi bir dövrdə Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidməti daha çox xilaskarlıq missiyası idi" - deyə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" mövzusunda çərşənbə axşamı keçirilən konfransda partiyanın icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

Heydər Əliyev 1923-cü ilin may ayının 10-da Naxçıvanda anadan olub. 1969-1982-ci illərdə Azərbaycan SSR-yə rəhbərlik edib. 1993-2003-cü illərdə Azərbaycanın prezidenti olub. 2003-cü ilin dekabrın 12-də vəfat edib.

Əhmədov qeyd edib ki, SSRİ dövründə Azərbaycanın sürətli inkişaf etməsi də Heydər Əliyevin xalq və dövlət qarşısında xidmətləri kimi qiymətləndirilməlidir.

Hakim partiyanın nümayəndəsi hesab edir ki, Azərbaycan dövlətinin inkitşafı, islahatların həyata keçirilməsi və bütün sahələrdə sürətli tərəqqinin təmin edilməsi Heydər Əliyev ideyalarının və müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsinin nəticəsidir.

"Nə qədər çox zaman keçsə Heydər Əliyev şəxsiyyətinin əzəməti bir o qədər daha aydın dərk ediləcək. Çünki əsrlər keçəcək Heydər Əliyev kimi şəxsiyyət yerişməyəcək" - deyə Əhmədov əlavə edib.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti