...

Siyasi partiyaların bir qurumda təmsil olunmasının perspektivini görmürəm - Azərbaycanın müxalif partiyasının sədri

Siyasət Materials 13 Dekabr 2007 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Ümid Partiyası müxalifətin yeni yaradılacaq əməkdaşlıq qurumunda təmsil olunmayacaq. Bu barədə cümə axşamı Trend ə partiyanın sədri İqbal Ağazadə açıqlama verib.

Ümid Partiyasının da iştirakı ilə müxalifətin böyük bir hissəsi - 16 siyasi partiya arasında çərşənbə günü əməkdaşlığa dair saziş bağlanıb. Həmin sənəddə bildirilir ki, gələn il prezident seçkisi öncəsi demokratik mühitin yaradılması, mətbuat və siyasi azadlıqların təmin olunması, Seçki Məcəlləsinin dəyişdirilməsi məqsədilə bu partiyalar fəaliyyətlərini əlaqələndirəcək, seçkiqabağı bir-birlərinin əleyhinə təbliğat aparmayacaqlar. Saziş Açıq Cəmiyyət, KXCP, Milli İstiqlal, Tərəqqi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbaycan, Böyük Quruluş, Ümid, Vətəndaş Həmrəyliyi, Bizim Azərbaycan bloku (XQP, AFP, TMP, AAP), "Azərbaycavn yolu siyasi hərəkatı", Azadlıq, Milli Demokrat partiyalarının sədrləri tərəfindən imzalanıb. Həmçinin, qərara alınıb ki, dekabrın 26-da bu partiyaların iştirakı ilə "Müxalifətin seçki islahatları mərkəzi" adlı yeni qurumu yaradılsın.

Ağazadə bildirib ki, Ümid Partiyası yalnız əməkdaşlığa, bir-birlərinin əleyhinə təbliğat aparmamağa razılıq verib, yeni yaradılacaq qurumda təmsil olunmayacağını isə, digər partiyaların diqqətinə çatdırıb: "Mən siyasi partiyaların bir qurumda təmsil olunmasının perspektivini görmürəm. Hansı ad altında yaranmasından asılı olmayaraq, istənilən yeni birliklərin taleyi əvvəlkilər kimi uğursuz nəticələnəcək"-deyə Ağazadə bildirib.

Ümid Partiyası 2005-cı ildə Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzində təmsil olunub.

Ağazadənin sözlərinə görə, o vaxt həmin qurum heç bir səbəb olmadan fəaliyətini dayandırdı.

"Hər partiyanın özünün məsəd və maraqları var, ona görə də hər hansı qurumun, birliyin tərkibində fəaliyyət göstərməyi qəbul etmirəm"-deyə Ağazadə bildirib.

Müxalifəti təmsil edən Ümid Pariyası 1993-cü ildə yaradılıb. 2002-ci ildə Vətəndaş Birliyi Partiyası (VBP) Ümid Pariyasına birləşib. VBP-nin sədri olmuş İqbal Ağazadə Ümid Partiyasına sədr seçilib. Ağazadə Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti