...

Yaradıcı təşkilatların dövlət tərəfindən maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb

Siyasət Materials 17 Dekabr 2007 15:12 (UTC +04:00)
Yaradıcı təşkilatların dövlət tərəfindən maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycanda yaradıcı təşkilatların və şəxslərin dövlət tərəfindən maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb. "Azərbaycanda 100-dən artıq yaradıcı təşkilat var. Dövlət onların hamısını maliyyələşdirə bilməz, büdcə bu imkana malik deyil. Yazıçılar Birliyi dövlət büdcəsindən normal, Bəstəkarlar İttifaqı qismən maliyyələşir. Rəssamlar İttifaqı isə dövlət büdcəsindən ayrılan vəsait az olduğuna görə maliyyələşmədən imtina edib. Ona görə də bu məsələlər qanunla tənzimlənməlidir" -deyə Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının bazar ertəsi keçirilən genişləndirilmiş iclasında "Yaradıcı şəxslər və yaradıcı ittifaqlar" haqqında yeni qanun layihəsinin müzakirəsində komissiyanın sədri, millət vəkili Nizami Cəfərov bildirib.

Qanun layihəsi yaradıcı şəxslərin və yaradıcılıq ittifaqlarının statusunu, hüquqlarını, dövlətin yaradıcı şəxslər və birliklərlə münasibətlərinin hüquqi əsaslarını müəyyənləşdirir.

Layihəyə əsasən, öz peşəkar yaradıcılıq fəaliyyəti ilə növündən və üslubundan asılı olmayaraq yeni ədəbiyyat və incəsənət əsərləri yaradan, belə əsərləri tərcümə və şərh edən şəxslər yaradıcı şəxslər hesab olunur. Belə şəxslərin fərdi üzvlük əsasında fəaliyyət göstərdikləri birliklər isə yaradıcı ittifaqlar hesab edilir.

"Belə bir qanun layihəsinin hazırlanmasında məqsəd mənəvi potensialın inkişafı üçün hüquqi zəmin yaratmaq, ədəbiyyatın və incəsənətin inkişafı naminə mədəniyyət xadimlərinin təmsil olunduqları peşəkar yaradıcılıq birliklərinin fəaliyyətinə dəstək verməkdir" -deyə Cəfərov əlavə edib.

Komissiya sədri vurğulayıb ki, qanun layihəsində yaradıcı təşkilatların fəaliyyətini təmin etmək üçün dövlət büdcəsindən vəsait ayrılması da əks olunub: "Eyni zamanda, binaların, yaxud binaların tikilməsi üçün dövlət tərəfindən torpaq sahəsinin ayrılması, yaradıcılıq şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaradıcılıq ittifaqlarının üzvləri üçün yaradıcılıq evlərinin tikilməsi nəzərdə tutulur".

Xəbər lenti

Xəbər lenti