İsrail, Yerusəlim / Trend , müxbir R.Abdullayev/ Parisdə Yaxın Şərq üzrə Donor konfransı ABŞ, Qərb, hazırkı İsrail rəhbərliyi, həmçinin Mahmud Abbas rejiminin siyasi oyunudur. "Bu "sülh prosesi" kimi qiymətləndirilən prosesdə irəliləyişlərin baş verməsinə dair illüziyaların yaradılmasıdır" - deyə İsrailin Bar-İlansk Universiteti yanında Beqin-Sadat Strateji Tədqiqat Mərkəzinin eksperti Gil Fayler hesab edir.
Dekabrın 16-17-də Parisdə Yaxın Şərq üzrə Beynəlxalq Konfrans keçirilib. Konfransın keçirilməsində məqsəd Fələstin Müxtariyyəti əhalisinə yardım üçün maliyyə vəsaiti toplamaq və bu pulların sərf olunmasının daha effektli üsullarını müzakirə etməkdir. Fələstin hakim dairələri büdcə ayırmalarını təmin etmək və fələstinlilərin həyat tərzini yaxşılaşdırmaq üçün layihələr reallaşdırmaq məqsədilə müxtəlif dövlətlərdən 2008-ci ildən 2010-cu ilə qədər 5,5 mlrd. dollar həcmində maliyyə yardımı almağa ümid edirdilər.
"Parisdə keçirilən Yaxın Şərq üzrə Konfrans Fransa prezidenti Nikolya Sarkozi və Aİ-nin Yaxın Şərqdə təmsilçisi Toni Bleyerin diplomatik qələbəsidir. Göstərilən cəhdlər sayəsində bir neçə il ərzində birinci dəfə olaraq 90-dan çox ölkə təmsilçisi, həmçinin ən nüfuzlu beynəlxalq təşkilatlar "Fələstin dövlətçiliyi" layihələrinin reallaşdırılmasından ötrü maliyyə vəsaitlərinin təmin edilməsi üçün bir yerə toplaşdılar" - deyə çərşənbə axşamı Trend ə israilli ekspert bildirib.
Politoloqun fikrincə, Fələstin Muxtariyyəti üçün nəzərdə tutulan dünya ictimaiyyətinin pulları Mahmud Abbas rejiminin liderlərinin hesabına gedəcək. Fayler qeyd edib ki, Fələstin intifadları zamanı Fələstin ərazilərində iqtisadi vəziyyət durmadan pisləşdi, ÜDM 40 faiz aşağı düşdü. Doktor Fayler hesab edir ki, adambaşı hesablamalara görə, Fələstin, istənilən digər dünya ölkələri ilə müqayisədə, daha çox xarici yardım əldə edib: belə ki, 2001-ci ildən 2005-ci ilə qədər bu Müxtariyyətə 5 mln. dollar civarında vəsait köçürülüb. "Fələstin Muxtariyyətinin hesabı Yasir Ərəfatın şəxsi hesabı idi, sonra isə, onun yaxın maliyyə və siyasi müşaviri Mahmud Abbasın hesabına çevrildi" - deyə Fayler qeyd edib.
Donor konfransı nəticəsində fələstinlilərin xeyrinə toplanılan ianənin həcmi 7,4 mln. dollar təşkil edib. Gil Fayler təsdiq edir ki, konfransdan sonra Fələstin dünya ictimaiyyətinin adambaşına düşən ən böyuk həcmli xarici yardım təqdim etdiyi yeganə dövlət quruluşudur.
Fayler bu pulların Fələstin dövlətçiliyinin inkişafına sərf olunacağına şübhə ilə yanaşır. O bildirib ki, fələstinlilər şəxsi maraqlarının reallaşdırılması üçün əlverişli vəziyyətdən istifadə etməyə can atacaqlar. Eyni zamanda, Mahmud Abbas hədə-qorxu vasitəsilə öz məqsədlərinə nail olmağa çalışacaq, İsraili danışıqları pozmaqla hədələyəcək. İsrailli ekspertin rəyinə görə, bu çətin vəziyyətdə "Mahmud Abbas tərəfindən əldə olunan pullar İsrail-Fələstin münaqişəsinin nizamlanmasına təsir etməyəcək".