...

"İranda tələbələrin azadlığa buraxılması üçün dünya ictimaiyyətinin rəsmi Tehrana təzyiqi lazımdır"--təşkilat sədri

Siyasət Materials 20 Dekabr 2007 14:55 (UTC +04:00)
"İranda tələbələrin azadlığa buraxılması üçün dünya ictimaiyyətinin rəsmi Tehrana təzyiqi lazımdır"--təşkilat sədri

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ Tehranın Politexnik Universitetinin siyasi ittihamlarla məhkum olunmuş üç tələbəsinin azadlığa buraxılması beynəlxalq ictimaiyyətin İrana təzyiqləri nəticəsində mümkün olub. "İranda tələbələrin azadlığa buraxılması üçün dünya ictimaiyyətinin rəsmi Tehrana təzyiqi lazımdır"--İsveçrədə fəaliyyət göstərən İranlı Tələbələrin Hüquq müdafiəçisi, Mütərəqqi Qadınlar Təşkilatının sədri Zəhra İrfani (Zahra Erfani) bildirib.

Politexnik Universitetin üç tələbəsi bundan əvvəl Tehran Inqilab məhkəməsinin verdiyi qərara əsasən, birlikdə 7 il qəti həbs cəzasına məhkum olunmuşdu. Əhməd Qəssaban, Məcid Təvəkküli, Ehsan Mənsuri Universitet tələbə jurnalında yaydıqları yazılara görə, "İmamların qəbrinə və müqəddəslərə hörmətsizlik etmək", "Qum şəhərinin mollalarını və din alimlərini təhqir etmək" ittihamları ilə, 9 ay bundan əvvəl həbs olunublar. Adı çəkilən tələbələrin müdafiəçisi Məhəmmədəli Dadxah mətbuata açıqlamasında bildirib ki, Apellyasiya məhkəməsində hər üç tələbə bəraət qazanıb, dekabrın 22-də azadlığa buraxılacaqlar.

BMT Baş Assambeliyasının dekabrın 16-da rəsmi Tehranın tələbələrə qarşı təzyiqlərini pisləyərək, həbsdə olan tələbələrin azadlığa buraxılmasını tələb edib.

İrfani cümə axşamı Sürixdən telefonla Trend ə bildirib ki, İran hakimiyyəti beynəlxalq təzyiqlər qarşısında, digər həbs olunmuş qız və oğlan tələbələri azadlığa buraxmağa məcbur olacaq." Beynəlxalq insan haqları təşkilatı və xüsusilə BMT və Amnesty İnternational rəsmi Tehrana təzyiqləri artırmalıdırlar. Məncə, Avropa Birliyi ölkələri İranda olan dəhşətli hüquq pozuntularına etinasız yanaşmamalıdır. Onlar İrana siyasi-iqtisadi təzyiqlər göstərməlidirlər"- İrfani bildirib.

İranın İRNA Agentliyinin noyabr ayında yaydığı məlumata əsasən, həbsdə olan bəzi tələbələr Kommunist Təşkilatlarına bağlıdır.

Kommunist Fəhlələr Partiyasının Baş katibi Əsgər Kərimi isə, Londondan telefonla Trend ə bildirib ki, həbs olunan tələbələr hər hansı bir cinaha bağlı olsalar da, onların həbsi qeyri-qanunidir. "Bir ay bundan əvvəl tələbə aksiyalarında ən azı 40 tələbə həbs olunub. Onlar ağır işgəncələrə məruz qalıb və bir çoxunun harada saxlanıldığı məlum deyil. Bəraət qazanmış üç tələbəyə gəlincə, onlar 9 aydır ki, hakimiyyət tərəfindən ağır işgəncələrə məruz qalıblar. Dünya ictimaiyyətinin təzyiqi olmasaydı, hər üç tələbə haqsız olaraq, 2 ildən çox həbsdə qalmalı olacaqdı"- deyən Kərimi əlavə edib ki, İran hakimiyyətinə təzyiqlərin artmasını gözləyirik.

Xəbər lenti

Xəbər lenti