...

Azərbaycanda seçki kampaniyasına ayrılan müddət azaldılacaq

Siyasət Materials 9 Yanvar 2008 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanda seçki kampaniyasına ayrılan müddət azaldıla bilər. Bu barədə jurnalistlərə hakim Yeni Azərbayjan Partiyasının (YAP) sədr müavini və icra katibi Əli Əhmədov məlumat verib.

Seçki Məcəlləsinə əsasən, Azərbaycanda seçki kampaniyası dörd ay müddətinə aparılır.

Gələn ay Avropa Şurasının Venesiya Komissiyasının təmsilçiləri Azərbaycana səfər edəcəklər. Səfər zamanı, əsasən, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi diqqət mərkəzində olacaq. Müxalifət seçki komissiyalarının paritet əsaslarla formalaşmasını tələb etsə də, iqtidar bu təklifi rədd edir və seçki qanunvericiliyinə yalnız texniki dəyişikliklərin olunacağını bildirir.

Əhmədov deyib ki, dünyanın heç bir yerində, Azərbaycanda müəyyənləşdirildiyi kimi, dörd aylıq seçki kampaniyası həyata keçirilmir. Onun sözlərinə görə, Azərbaycanda, digər dövlətlərdə olduğu kimi, seçki kampaniyası 2 ay olmalıdır. "Azərbaycanda beş il ərzində 3 - parlament, prezident və bələdiyyə seçkiləri keçirilir. Hər seçki kampaniyası dörd ay davam edəndə, beş ilin bir ili bütünlüklə seçkiyə ayrılır. Seçki isə, istər-istəməz, cəmiyyətdə emosiyaların qabarması, həyatın normal axarının müəyyən qədər pozulması deməkdir. Dünyanın hər yerində olduğu kimi, bütün bunlar Azərbaycanda da nəzərə alınmalıdır"- Əhmədov əlavə edib.

YAP 1992-ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti