...

Daxili işlər orqanları sistemində yeni struktur dəyişiklikləri aparılacaq

Siyasət Materials 16 Yanvar 2008 15:04 (UTC +04:00)
Daxili işlər orqanları sistemində yeni struktur dəyişiklikləri aparılacaq

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Daxili işlər orqanları sistemində yeni struktur dəyişiklikləri aparılacaq. Trend in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında daxili işlər nazirinin müavini Əsgər Ələkbərov məlumat verib.

Nazir müavini bildirib ki, polisin fəaliyyətinin Avropa standartları səviyyəsinə çatdırılması istiqamətində bir sıra tədbirlər görülüb, nazirlikdə mətbuat xidməti, daxili təhqiqatlar, daxili təhlükəsizlik, şəxsi heyətlə iş idarələri yaradılıb.

Ələkbərov bildirib ki, müasir dövrdə polisin informasiya texnologiyalarını öyrənmələri üçün yeni xidmətlərin yaradılması planlaşdırılır."Zamanı yetişəndə, əlaqədar dövlət orqanları ilə razılaşdırılandan sonra yeni strukturlar yaradılacaq" - deyə nazir müavini vurğulayıb.

Nazirlik sözçüsü polis sistemində qadınların sayının az olduğunu bildirib və bunu polisin fəaliyyətindəki gərginliklə əlaqədar olaraq qadınların bu peşəyə maraq göstərməməsi kimi izah edib.

Polisin fəaliyyətində beynəlxalq dəyərləri daim rəhbər tutmasını vacib sayan nazir müavini polisdə işgəncə faktlarının olmadığını, fəaliyyətində qanun pozuntularına yol verən, xidmət zamanı vətəndaşlara qarşı zorakılıq nümayiş etdirən, fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verən polis əməkdaşları barədə xidməti təhqiqat aparıldığını və onların cəzalandırıldığını bildirib.

Xəbər lenti

Xəbər lenti