Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir S.İlhamqızı/ "Azadlıq" blokunun qarşıdan gələn prezident seçkisi ərəfəsində müxalifət partiyaları ilə əməkdaşlıq etməsi üçün öz şərtləri var.
"Demokratik seçki şəraiti yaradılmayacağı təqdirdə, müxalifət buna qarşı eyni mövqedən çıxış edərsə, "Azadlıq" blokunun həmin müxalifət partiyaları ilə əməkdaşlığı mümkündür" - deyə "Azadlıq" blokunun həmsədri Əli Əliyev çərşənbə günü Trend ə açıqlamasında bildirib.
Bu ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. Üç müxalifət partiyasını birləşdirən "Azadlıq" bloku minimum demokratik seçki şəraiti yaradılmayacağı təqdirdə prezident seçkisini boykot edəcəyini bildirib. Müxalifət düşərgəsindən Müsavat, Ümid, Böyük Quruluş partiyaları seçkidə öz namizədi ilə iştirak edəcəyini açıqlayıb.
Əliyev bildirib ki, əgər "Azadlıq" bloku seçkidə iştirak etməyəcəksə, bu, normal seçki şəraitinin mövcud olmamasından xəbər verəcək. Belə olan halda "Azadlıq" bloku müxalifətin xalqa yalan vədlər verməsini dəstəkləməyəcək: "Biz eyni zamanda, seçkidə iştirak edənlərə etiraz edə bilmərik, bu, onların öz hüququdur. Amma real müxalifət seçkidə iştirak etməyəcəksə, bu, ölkədə siyasi mübarizə şəraitinin mövcud olmadığını göstərir" - deyə Əliyev bildirib.
"Azadlıq" blokunda müxalifətçi Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.