...

Naxçıvan şəhəri ilə Misirin hər hansı bir şəhəri qardaşlaşa bilər - Misirin Azərbaycandakı səfiri

Siyasət Materials 24 Yanvar 2008 23:56 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 24 yanvar / Trend müxbir E.Məmmədov/ Naxçıvan şəhəri ilə Misirin hər hansı bir şəhəri qardaşlaşa bilər. Bu sözləri Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yusif Əhməd Əl Şərkavi deyib.

Səfiri qəbul edən Naxçıvan MR-nın Ali Məclisinin sədri Vasif Talıbov iki ölkə arasındakı münasibətlərin hər zaman inkişaf etdiyini və bundan sonra da dostluq və qardaşlıq əlaqələrinin genişləndiriləcəyini vurğulayıb.

Səfirə muxtar respublikanın tarixi, mədəniyyəti, iqdisadiyyatı və digər sahələr haqqında məlumat verən Ali Məclisin sədri elm və təhsil sahəsində də Naxçıvanla Misir arasında hərtərəfli münasibətlərin olduğunu söyləyib və Naxçıvan Dövlət Universitetində ərəb dilinin tədrisində iki misirli müəllimin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

V.Talıbov yaxın günlərdə Misirin paytaxtı Qahirədə Heydər Əliyevin adını daşıyan istirahət parkının istifadəyə veriləcəyini deyib. Həmçinin qeyd edib ki, Heydər Əliyevin abidəsinin ucaldılması iki ölkə arasındakı münasibətlərin inkişafına təkan verəcək.

Səfərdən məmnunluğunu ifadə edən səfir iki ölkə arasında bu cür səmimi və dostluq münasibətlərinin inkişafı üçün əlindən gələsəyini bildirib. Qeyd edib ki, hazırda Azərbaycan bölgədə lider dövlətə çevrilib, burada sabitlik və əmin-amanlıq hökm sürür.

Misir-Azərbaycan əlaqələrinin hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyini vurgulayan qonaq səmimi görüşə görə öz minnətdarlığını ifadə edib.

Xəbər lenti

Xəbər lenti