...

Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməlidir- parlamentin sədri

Siyasət Materials 8 Fevral 2008 16:28 (UTC +04:00)
Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməlidir- parlamentin sədri

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməsini vacib hesab edir. "Azərbaycanın ərazisini işğal edən təcavüzkar Ermənistana qarşı ciddi sanksiyalar tətbiq olunmalıdır. Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi Qətnamələr icra edilməlidir", - deyə Azərbaycan parlamentinin sədri Oqtay Əsədov cümə günü Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin sədri, lord Rassel Constonla görüşündə bildirib.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan parlamentinin sədri Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında ətraflı məlumat verib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992 -93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

AŞPA 2005-ci ilin yanvarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1416 saylı Qətnamə qəbul edib. Qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi qeyd olunub və münaqişənin həlli ilə bağlı təkliflər əks olunub. Qurum sənədin həyata keçirilməsinə nəzarət etmək üçün Alt Komitə yaradılıb.

Əsədov beynəlxalq təşkilatların, eləcə də, Avropa Şurasının münaqişənin həlli ilə bağlı mövqeyində dəyişiklik etməsinin vacib olduğunu bildirib: "Avropa Şurası qəbul etdiyi Qətnamənin icrası üçün təsirli addımlar atmalıdır".

Milli Məclisin sədri qeyd edib ki, 1988-ci ildə Ermənistandan qovulan, 1990-cı ildən başlayaraq, erməni işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş yüz minlərlə insan hələ də ağır şəraitdə yaşayır. Bu illər ərzində formalaşmış yeni nəslin münaqişəyə və onun həllinə baxışları başqadır: "Həmin dövrdə dünyaya gəlmiş körpələr indi 18-20 yaş həddində, seçki hüququna malik insanlardır. Onların  münaqişənin həlli ilə bağlı baxışları da müxtəlifdir. Buna baxmayaraq, Azərbaycan hökuməti, dövlət başçısı problemin sülh yolu ilə həllinə tərəfdardır".

Əsədov onu da bildirib ki, rəsmi Bakı Alt Komitənin təşəbbüsü ilə Strasburqda keçirilməsi planlaşdırılan Ermənistan və Azərbaycan parlamentarilərinin görüşünün təşkilini, bunu üçün müəyyən konfransların keçirilməsini dəstəkləyir.

"Amma bu tədbirlərdə kəskin qərarlar qəbul olunmalı və onların icrası istiqamətində konkret addımlar atılmalı, təcavüzkara qarşı ciddi sanksiyalar tətbiq olunmalıdır. Ermənilərin qeyri-konstruktiv mövqeyinə son qoyulmalı, qəbul olunan qərarlar kağız üzərində qalmamalıdır", -deyə spiker əlavə edib.

Alt Komitənin sədri lord Rassel Conston Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə həlinə tərəfdar olmasının Avropa Şurasında yüksək dəyərləndirildiyini deyib. Alt Komitənin sədri Ermənistan və Azərbaycan parlamentarilərinin görüşünün keçirilməsi ilə bağlı Əsədovun dəstəyini yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti