Azərbaycan, Bakı, 18 fevral/ Trend , müxbir K.Ramazanova/ Kanzas ştatından respublikaçı senator Sem Braunbek bu həftə Azərbaycana gəlir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr üzrə Departamentinin rəhbəri Conatan Henik məlumat verib.
Onun sözlərinə görə, Braunbek Azərbaycanda Xarici İşlər Nazirliyi rəhbərliyi ilə və Diplomatik Akademiyada görüşlər keçirəcək, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Braunbek 2007-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürüb, lakin bir neçə aydan sonra maliyyə çatışmazlığı üzündən seçkiqabağı kampaniyanı dayandırmağa məcbur olub.
Braunbek bir neçə ölkə, o cümlədən Azərbaycandan keçən Tarixi İpək Yolunun bərpasına yardımı nəzərədə tutan İpək Yolu strategiyası Aktının (1999) müəllifidir.
2001-ci il 11 sentyabr hadisələrindən sonra Braunbek ABŞ prezidentinə Konqres tərəfindən 1992-ci ildən qəbul edilən, ABŞ və Azərbaycanın əməkdaşlığını məhdudlaşdıran Azadlığa dəstək Aktına 907-ci düzəlişi müvəqqəti dayandırmaq hüququ verən qanun layihəsi hazırlayıb.
Braunbek Azərbaycanın ABŞ-da lobbi fəaliyyətinin iştirakçısıdır. Senator 2003-cü il 15 dekabrda Heydər Əliyevin dəfn mərasimində iştirak üçün Amerika nümayəndə heyətinin tərkibində Azərbaycanda olub.