...

Azərbaycanda qanunvericiliyi pozan namizədlər cinayət məsuliyyətinə cəlb olunmalıdır-hakim partiya

Siyasət Materials 19 Fevral 2008 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir Q.Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı hazırladığı təkliflərin detallarını açıqlayıb. Partiyanın icra katibinin müavini Siyavuş Novruzov Trend ə bildirib ki, YAP təkliflər zərfində təşviqat kampaniyasına ayrılan maliyyə vəsaitinin artırılması əksini tapıb.

Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı müzakirələri baş.a çatdırıb. Müzakirələrdə Azərbaycanın siyasi partiyalarının da təkliflərinə baxılıb. Məcəlləyə dəyişiklik və əlavə ilə bağlı, Milli Məclisin yaz sessiyasında müzakirələr gözlənilir.

Novruzov deyib ki, Seçki Məcəlləsində deputatlığa namizəd üçün 60 min manat civarında vəsait ayrılır və bu, normal kampaniyanın aparılması üçün kifayət deyil. Onun fikrincə, belə olan halda, namizəd məcburdur ki, seçki kampaniyasızamanı qanundankənar addımlar atsın. "Kiminsə namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülsə, partiyanın potensialından istifadə edə bilir. Partiya mənsubiyyəti olmayan namizədlər isə, məcburdur ki, öz pulu ilə işçilər tutsun" - Novruzov əlavə edib.

Hakim partiya təmsilçisinin fikrincə, təkliflərdə namizədlərin reklam məsələsinə də yenidən baxmağa ehtiyac var: "Seçkilər dövründə təbliğatın aparılmasını televiziya və radiolar reklam haqqında Qanuna əsasən həyata keçirirlər. Hesab edirəm ki, siyasi və sosial reklamlar kommersiya reklamlarından ucuz başa gəlməlidir".

Novruzov bildirib ki, namizədlərin məsuliyyət məsələsi də YAP-ın təklifləri sırasındadır: "Məcəlləyə əsasən, namizədlər üçün inzibati məsuliyyət nəzərdə tutulur. Dövlət büdcəsindən prezident seçkilərində namizədlər üçün 15 min dollar, deputatlığa namizədlər üçün isə, 200 manat nəzərdə tutulur. Bundan əlavə, namizədlərin dövlət nəşrlərindən bərabər əsaslarla pulsuz istifadə etmək hüquqları var. Qanunvericiliyə görə, seçki zamanı üç faizdən aşağı səs toplayan namizədlər dövlətin onlara verdiyi vəsaiti geri qaytarmalıdır. Bəzi adamlar bu pulun eşqinə namizədliklərini irəli sürürlər"- millət vəkili vurğulayıb.

Novruzov hesab edir ki, üç faizlik baryeri aşa bilməyən namizədlər dövlətin vəsaitini geri qaytarmadıqda, onlara cinayət məsuliyyəti nəzərdə tutulmalıdır.

Ötən prezident seçkiləri zamanı üç faiz baryeri aşa bilməyən namizədlərin heç biri dövlət vəsaitlərini geri qaytarmayıb.

YAP 1992-ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti