...

"Azadlıq" bloku seçkini boykot bəyanatını xarici qüvvələrin sifarişi ilə verir - partiya sədri

Siyasət Materials 22 Fevral 2008 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir S.İlhamqızı/ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev hesab edir ki, "Azadlıq" blokunun prezident seçkisini boykot etmək barədə bəyanatı xarici qüvvələrin sifarişi əsasında verilir.

"Əgər seçkidə iştirak barədə xaricdən təlimat verilsə, "Azadlıq" bloku seçkidə iştirak edəcək"-deyə Həsənquliyev Trend ə açıqlamasında bildirib.

Bu ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. Üç müxalifət partiyasının - AXCP, ALP, VİP-in təmsil olunduğu "Azadlıq" bloku bəyan edib ki, ölkədə siyasi vəziyyət dəyişməyəcəyi, sərbət toplaşmaq hüquqü, söz azadlığı təmin edilməyəcəyi, bütün namizədlər üçün bərabər şərait yaradılmayacağı təqdirdə, prezident seçkisini boykot edəcək.

Həsənquliyev hesab edir ki, blokun bu mövqeyi müvəqqəti xaraker daşıyır və bu qurum xarici qüvvələrin göstərişi ilə hərəkət edir: "Xarici dövlətlər, beynəlxalq qurumlar Azərbaycan iqtidarına təzyiq göstərmək üçün bu siyasi qüvvələrdən istifadə edir. Görünür, onlar bu yolla hakimiyyətdən nəsə qoparmağa çalışırlar"-deyə Həsənquliyev bildirib.

"Azadlıq" blokunda isə hesab edirlər ki, bu ittihamlar əsassızdır.

"Görünür, "Azadlıq" blokunun prinsipial mövqeyi başqalarını narahat etməyə başlayıb. Əksinə, Azərbaycanda seçki oyunlarının subyekti kimi bəzən beynəlxalq qurumlar özləri çıxış edirlər"-deyə "Azadlıq" blokunun həmsədri Əli Əliyev Trend ə açıqlamasında bildirib.

Əliyevin sözlərinə görə, "Azadlıq" bloku əgər seçki qanunsuzluqları olarsa, bunları ifşa etmək üçün seçkidə iştirak etməyəcəyini bildirir: "Bizim seçkidə iştirak etməmək qərarımız yoxdur, sadəcə seçki oyunlarında iştirak etməyəcəyimizi bildirmişik. Ona görə də saxtakarlıqları ifşa edən bir siyasi blok beynəlxalq qurumların şəxsi maraqlarını ifadə edə bilməz"-deyə Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti