...

Azərbaycanın eks-prezidenti Eldar Namazovla görüşün siyasi məqsəd daşıdığını təkzib edir

Siyasət Materials 19 Mart 2008 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir C.Babayeva/Azərbaycanın eks-prezidenti, Azərbaycanın Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibov Trend a Azərbaycan prezidentinin sabiq köməkçisi (1993-99-cu illər) Eldar Namazovla görüşünü şərh edərkən bu görüşün siyasi xarakter daşımadığını bildirib.

"Namazovun mənimlə görüşünü onun tərəfindən illərdir ki, öz vətənində yaşamaq hüququndan məhrum olan həmvətəninə olan hörmət göstəricisi kimi qəbul edirəm" - deyə Mütəllibov bildirib.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra Mütəllibov ilk prezident seçilib. 1992-ci ildə Xalq Cəbhəsi Hərəkatının hakimiyyətə gəlişindən sonra ölkəni tərk edib, o vaxtdan indiyədək Rusiyada mühacirətdə yaşayır.

"Azərbaycan Naminə" İctimai Forumun prezidenti Namazovun öncə Trend a bildirdiyinə görə, Rusiyaya səfəri zamanı o, eks-prezident Mütəllibovla görüşüb və onlar qarşıdan gələn prezident seçkilərilə bağlı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Namazov prezident seçkilərində eks-prezidentin dəstəyini qazanmaq istəyini gizlətmir.

2008-ci ilin payızında Azərbaycanda prezident seçkiləri keçiriləcək. Namazov dövlət başçısı postuna namizədliyini irəli sürmək niyyətindədir. Hakim partiyadan prezidentliyə namizəd hazırkı prezident İlham Əliyevdir. Bu posta həmçinin Müsavat və Azərbaycan Demokrat Partiyasının sədrləri İsa Qəmbər və Sərdar Cəlaloğlu da iddialıdırlar.

Mütəllibov Azərbaycanın Baş Prokurorluğunun ittihamı əsasında beynəlxalq axtarışda olduğuna görə prezidentliyə namizədliyini irəli sürə bilməyəcək. Mütəllibov dövlət çevrilişinə cəhd, qanunsuz silahlı dəstələrin yaradılması, hakimiyyəti zorla ələ almaq və digər ağır cinayətlər törətməkdə günahkar bilinir.

Mütəllibov hesab edir ki, prezident seçkilərində bu və ya digər namizədin dəstəklənməsi şəffaf və demokratik seçkilərin keçirilməsindən asılıdır.

"Keçirilən seçkilərin korporativ cəhətdən məqsədyönlü keçirilməsi prinsipi ilə dövlət və cəmiyyətin inkişafına təkan verəcək real seçkilərin keçirilməsi arasında böyük fərq mövcuddur" - deyə eks-prezident bildirib.

Onun sözlərinə görə, ASDP-nin prezident seçkilərində irəli sürəcəyi namizəd məsələsi və ümumiyyətlə partiyanın seçkilərə münasibəti hələ müəyyən olunmayıb.

"Bu məsələ partiyanın yayda keçiriləcək qurultayında müzakirə olunacaq" - deyə Mütəllibov qeyd edib.

ASDP-nin digər həmsədri Araz Əlizadənin öncə bəyan etdiyinə görə, partiya seçkilərdə öz namizədi ilə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti