...

NATO-nun qiymətləndirmə missiyasının Azərbaycana səfər tarixi açıqlanıb

Siyasət Materials 11 Aprel 2008 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel / Trend , müxbir K.Ramazanova/ Azərbaycan və NATO arasında əməkdaşlığa dair Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının birinci hissəsinin (İPAP) qiymətləndirilməsi üzrə NATO missiyası aprelin 21-25-də Bakıya gələcək. Bu barədə cümə günü NATO-nun baş ofisinin mətbuat mərkəzindən məlumat verilib.

Mətbuat mərkəzindən verilən məlumata görə, missiya hər il ölkələrə fərdi tərəfdaşlıq üzrə fəaliyyət planının reallaşdırılması ilə əlaqədar baş çəkir. Səfər işçi xarakteri daşıyacaq, missiyanın tərkibinə İPAP-ın birinci hissəsi üzrə qiymətləndirməni həyata keçirmək üçün Azərbaycanın dövlət strukturları ilə birgə işləyən ekspertlər daxil olacaq.

Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının qiymətləndirməsi üzrə NATO missiyası fevralın 4-dən 8-dək Ermənistanda olub. Missiyaya NATO-nun Təhlükəsizlik və Siyasi İşlər üzrə İdarəsində Avroatlantik İnteqrasiya və Tərəfdaşlıq Direktorluğunun rəhbəri Yaroslav Skoneçka (Jaroslaw Skonieczka) rəhbərlik edir.

Azərbaycan bu strukturun rəhbərliyinə NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planını 2004-cü ildə təqdim edib. Azərbaycan prezidentinin sərəncamına əsasən, 2005-ci ilin avqustundan planda nəzərdə tutulmuş əməli tədbirlərin həyata keçirilməsi başlayıb.

NATO-nun Fərdi Tərəfdaşlıq Planına müvafiq olaraq, hər il Azərbaycan Silahlı Qüvvələrinin 1000-dən çox qulluqçusu Alyansın 300-dən çox tədbirlərində iştirak edir. Hər il NATO Azərbaycanda 6-8 tədbir keçirir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti