...

Azərbaycanın iki partiyası eyni ada iddia edir

Siyasət Materials 21 Aprel 2008 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Kommunist Partiyasının keçmiş rəhbəri Rüstəm Şahsuvarov Azərbaycan Sosialist Partiyasını yaratmaqdan imtina etməyəcək. O, bu barədə Trend a" açıqlamasında bildirib.

Şahsuvarovun rəhbərliyi ilə Azərbaycan Sosialist Partiyasının Təşkilat Komitəsi yaradılıb. Bu məlumatın yayılmasından sonra bu adda fəaliyyət göstərən başqa bir partiyanın rəhbəri Elşən Həsənov Şahsuvarova etirazını bildirib.

"Şahsuvarov bilir ki, Azərbaycan Sosialist Partityası var və 2002-ci ildə qeydiyyata alınmaq üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib. Lakin Şahsuvarov bu adda yeni partiya yaradır və mənim etirazlarıma baxmayaraq, öz fikrində qalır"-deyə Həsənov Trend a açıqlamasında bildirib.

Həsənov bildirib ki, 1999-cu ildə onun rəhbərliyi ilə "Yeni yol" adlı partiyanın təsis qurultayı olub, sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub.

2002-ci ildə həmin partiyanın ikinci qurultayı keçirilib və adı dəyişdirilərək Azərbaycan Sosialist Partiyası adlandırılıb. Həsənovun sözlərinə görə, ASP-nin sənədlərinin 2002-ci ildə Ədliyyə Nazirliyinə təqdim olunmasına baxmayaraq, beş ildir ki, partiya qeydiyyata alınmır.

"Amma bu o demək deyil ki, bizim partiyanın adı mənimsənilməlidir. Dövlət qeydiyyatı olmasa da, biz Azərbaycan Sosialist Partiyası adı ilə fəaliyyət göstəririk"-deyə partiyanın sədri Həsənov bildirib.

Şahsuvarov isə Trend a açıqlamasında bildirib ki, o, bu vaxta qədər Elşən Həsənovu tanımayıb, onun və partiyasının adını belə eşitməyib: "Necə olur ki, 6 ildir heç kəs bu partiyanın adını eşitməyib, Ədliyyə Nazirliyi qeydə almayıb, bir dəfə də olsun tədbirləri keçirilməyib, barələrində heç nə danışılmayıb. Ola bilsin ki, bir neçə nəfər şəxs neçə illər əvvəl partiya yaratdıqlarını özləri üçün elan ediblər, lakin heç yerdə tanınmır və qeydiyyatda deyillər"-deyən Şahsuvarov əlavə edib ki, Azərbaycan Sosialist Partiyası adında imtina etməyəcək.

Şahsuvarov bildirib ki, Ədliyyə Nazirliyi qarşı tərəfi ASP kimi tanıyıb dövlət qeydiyyatına alsa, yalnız onda öz partiyasının adında dəyişiklik edəcək. Onun sözlərinə görə, partiyasının adı üç variantdan birini seçəcək - Sosialist Fəhlə, Sosialist Solçu və ya Sosialist Əmək partiyaları.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti