Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir R.Hafizoğlu/ Fələstindəki "Həmas" İslami Müqavimət Təşkilatı İsrail ilə sülh danışıqlarına getmək üçün iki şərt irəli sürür. Bu haqda bazar ertəsi təşkilatın mətbuat katibi Muşir əl-Masri Trend -a bildirib.
Onun sözlərinə qorə, ilk növbədə İsrail Qəzzənin blokadasına son qoymalıdır. "İsrail sülh danışıqlarında səmimidirsə, Qəzzənin blokadasına son qoymalıdır"-deyə əl-Masri bazar ertəsi Qəzzədən Trend -a bildirib.
"Həmas" rəsmisinin sözlərinə görə təşkilatın İsrail qarşısına qoyduğu ikinci şərt fələstinlilərə qarşı uzun illərdən bəri davam etdirilən cinayətlərə son qoyulmasıdır. "İsrail sülh istəyirsə, güzüştə getməyə hazır olmalıdır "-deyə əl-Masri əlavə edib.
İsrail hökuməti "Həmas" və digər qrupların ölkə ərazisinin raket atəşinə tutulmasına cavab olaraq 2007-ci ilin dekabr aıyndan etibarən Qəzzə şəhərini blokadaya alıb.
Aprelin 19-da ABŞ eks-prezidenti Cimmi Karter Dəməşqdə "Həmas" Siyasi Bürosunun lideri Xalid Məşəllə görüşündə İsrail ərazilərinin raket atəşinə tutulmasını dayandırmağı və əsir götürülən İsrail əsgəri Qilad Şalitin azad edilməsini istəyib.
Aprelin 19-da "Həmas" tərəfindən keçirilən əməliyyatlar zamanı 13 İsrail əsgərinin xəsarət aldığı bildirilir.
"Həmas" İsrail tərəfindən işğal olunmuş Fələstin ərazilərinin azad olunması üçün 1987-ci ildə Qəzzədə şeyx Əhməd Yasin tərəfindən qurulub. Təşkilat 2006-cı ildə keçirilən parlament seçkilərində səs çoxluğu ilə qalib gəlib. Hal-hazırda Qəzzə şəhəri təşkilatın nəzarəti altındadır.
İordan çayının qərb sahili isə 1956-cı ildə qurulmuş və hazırda hakim "Fəth" təşkilatının nəzarəti altındadır.
Məqalənin müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.