Azərbaycan, Bakı, 14 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın idman gimnastı Şakir Şıxəliyev İsveçrədə keçirilən Avropa çempionatiında 140 iştirakçı arasında 47-ci yeri tutub. Bu barədə çərşənbə axşamı Trend a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.
İsveçrənin Lozanna şəhərində keçirilən çempionatda Avropanın 40 ölkəsindən 300 gimnast iştirak edib. Bu, kişi idman gimnastları arasında keçirilən sayca 28-ci çempionat olub.
Azərbaycan gimnastı çoxnövçülükdə 75,65 xal toplamaqla 47-ci yerdə qərarlaşıb. Şıxəliyev dayaqla tullanmada daha uğurlu çıxış edərək 15,1 xal toplayaraq 31-ci olub.
Avropa çempionatına qatılan Səbuhi Aslanov da ən yaxşı nəticəsini dayaqla tullanmada göstərib. O, 14,775 xalla 65-ci pilləyə sahib çıxıb.
İsveçrədə keçirilən Avropa çempionatı Azərbaycanın iki beynəlxalq dərəcəli hakiminin debütü ilə yadda qalıb. Rza Əliyevlə Elşən Əliyevin adı çempionatın həm təsnifat, həm də final mərhələsinin hakimlər kollegiyasına daxil edilib.
İdman gimnastları arasında Avropa çempionatının qalibləri İngiltərə idmançıları olub. İkinci yeri Rusiya, üçüncü pilləni isə Almaniya komandası tutub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]