...

Müsavat Partiyası Azərbaycan müxalifətini prezident seçkisində iştiraka çağırır

Siyasət Materials 14 May 2008 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir E.Babayev/ Müxalif Müsavat Partiyası Azərbaycan müxalifətini prezident seçkisində iştiraka çağırır. "Müxalifət istənilən halda seçkidə iştirak etməlidir", çərşənbə günü Trend -a Müsavat Partiyasının funksioneri Rauf Arifoğlu deyib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Parlamentdə bu ayın sonunda qəbulu gözlənilən Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri nəzərdə tutan layihədə müxalifətin təklifləri öz əksini tapmayıb. Dəyişikliklərdən narazı qalan müxalifət partiyaları arasında seçkiləri boykot etməyə meyillilik artıb.

Arifoğlu bildirib ki, müxalifətin boykotla bağlı çağırışlarını haqlı sayır. Çünki Seçki Məcəlləsinə əlavə və dəyişikliklər müxalifətin imkanlarını daha da məhdudlaşdırır. "Ancaq hesab edirəm ki, seçkidə iştirak etmək daha vacibdir. Bizim bu çağırışımızın fəlsəfəsində o dayanır ki, bəlkə vəziyyəti dəyişmək mümkün oldu və ola bilər. Hər halda ortalıqda qonşu ölkələrin təcrübəsi var"-deyən Arifoğlu əlavə edib ki, hazırda Müsavat boykot məsələsini nəzərdən keçirmir. Ancaq Müsavat Məclisinin seçkilərdə iştirakla bağlı qərarında bu mövzuya yenidən baxılması məsələsi yer alıb. Gələcəkdə bu istiqamətdə müzakirələr mümkündür.

Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan Parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla Parlamentdə təmsil olunur. Partiyanın Məclisi bu ilin əvvəlində Qəmbərin prezidentliyə namizədliyini yenidən irəli sürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti