...

Ankara İranın nüvə proqramı ilə bağlı danışıqlara yardım göstərəcək – Türkiyə XİN

Siyasət Materials 21 May 2008 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir S.İlhamqızı/ Türkiyə İranın nüvə proqramı ilə əlaqədar BMT-nin Təhlükəsizlik Şurası ilə İran arasındakı danışıqlar prosesinin asanlaşdırılmasına kömək edəcək. "Türkiyə bu prosesə öz töhfəsini vermək üçün cəhdlərini davam etdirəcək"-deyə Türkiyənin xarici işlər nazirliyindən Trend -a bildirilib.

ABŞ prezidentliyinə Demokratlar partiyasından olan namizəd, Senator Barak Obama mayın 5-də "NBS" telekanalında çıxışında bildirib ki, "İranın uzunmüddətli nüvə təhdidləri ilə bağlı, Türkiyə də daxil olmaqla, bölgə ölkələri ilə danışıqlar aparılmalıdır".

Türkiyə XİN-dən bildirilib ki, rəsmi Ankara Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınmasına dair Konvensiyaya qoşulmuş İranın nüvə enerjisindən dinc məqsədlə istifadə etmək hüququnu dəstəkləyir: "Türkiyə, həmçinin, nüvə silahına sahib olmağın bölgədəki heç bir ölkənin təhlükəsizliyinə müsbət töhfə verməyəcəyini düşünür" - deyə çərşənbə günü Türkiyənin Xarici İşlər Nazirliyindən yazılı şəkildə bildirilib.

Türkiyənin xarici siyasət idarəsi İranın nüvə probleminin dinc yolla həll olunacağına ümid bəsləyir. XİN rəhbərliyi İranla beynəlxalq ictimaiyyət arasındakı inamsızlığın aradan qalxmasını arzu edir.

Türkiyə həmçinin nüvə məsələsi ilə əlaqədar İranla ABŞ və digər ölkələr arasında vasitəçilik edə bilər. XİN-dən bildirilib ki, Türkiyə İran və Altılar (BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü - Rusiya, Böyük Britaniya, Fransa, ABŞ, Çin +Almaniya) arasındakı mübahisəli danışıqlar prosesində iştirak etmir, lakinrəsmi Ankara buprosesin asanlaşmasına cəhd göstərir.

"Bu çərçivədə keçən il aprel ayında Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Komissarı Havyer Solana ilə İranın Təhlükəsizlik Şurasının sədri Əli Laricani arasında keçirilən görüşə Ankara ev sahibliyi etdi.

Türkiyə İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar prosesində öz köməyini davam etdirəcək"- deyə XİN rəhbərliyi bəyan edib.

İran 18 il gizli şəkildə nüvə planı üzərində işləyib, 2002-ci ildə bu plan ifşa olunduqdan sonra, Qərb ölkələri rəsmi Tehranı , beynəlxalq ictimaiyyətin xəbəri olmadan nüvə silahı istehsal etməkdə günahlandırıblar. Rəsmi Tehran ittihamları rədd edərək, nüvə proqramının dinc məqsədlərlə istifadə üçün nəzərdə tutulduğunu bildirirr.

BMT Təhlükəsizlik Şurası son iki ildə İranın nüvə proqramını dayandırmasını tələb edən dörd Qətnamə qəbul edib. Qətnamələrdə İrana iqtisadi-siyasi sanksiyalar tətbiq olunub. İran isə, nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək haqqı olduğunu bildirərək, nüvə planının icrasına davam edir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti