Azərbaycan, Bakı. 29 may / Trend / Finlandiyaya səfəri çərçivəsində mayın 29-da Prezident İlham Əliyev Finlandiya Prezidenti xanım Tarya Halonenin ilə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilmişdir.
Görüşdə Azərbaycan və Finlandiya arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin perspektivləri müzakirə olundu.
Prezident İlham Əliyev Azərbaycanda gedən inkişaf proseslərindən danışdı. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdi və bildirdi ki, Ermənistanın bu işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Finlandiya Prezidenti xanım Tarya Halonen ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu söylədi, Azərbaycana rəsmi səfərini xatırladaraq, onun uğurla keçdiyini bildirdi. O, Prezident İlham Əliyevin Finlandiyaya indiki rəsmi səfərinin də uğurla keçəcəyinə əminliyini vurğulayaraq dedi ki, bu səfər əlaqələrimizin genişlənməsinə xidmət edəcəkdir.
Tərəflər qarşılıqlı investisiya imkanlarının geniş olduğunu, sənaye, ekologiya, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensialın mövcudluğunu vurğuladılar.
Həmin gün İlham Əliyev Finlandiya parlamentinə gəlmişdir. Görüşdə parlamentlərarası əlaqələr, regional, beynəlxalq təşkilatlar çərçivəsində, habelə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri, müxtəlif sahələrdə əlaqələr və digər məsələlər müzakirə olundu.
İlham Əliyevin Helsinkidə həmçinin Paaskivi Cəmiyyətinin üzvləri ilə görüşü olmuşdur.
1958-ci ildə yaradılmış bu qurumun Finlandiyanın xarici siyasəti ilə bağlı müzakirələr apardığını və vətəndaş forumunu təşkil edir.