Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir K.Zərbalıyeva/ Prokurorluq orqanlarındakı 150 vakant yerə keçirilmiş test imtahanlarında 192 nəfər ikinci mərhələyə keçib.
Şənbə günü Baş Prokurorluq vakant yerlərə test imtahanı keçirib.
Müsabiqədə iştirak etmək üçün ötən il dekabrın 15-dən bu il martın 15-dək 368 gənc hüquqşünas sənəd verib.
İmtahanda ən yüksək nəticə 87 bal olub. Test imtahanından uğur qazanmış namizədlər yazılı imtahan verəcəklər.
Test imtahanında namizədlərə 100 sual verilib və onlardan 80-i hüququn müxtəlif sahələrini əhatə edir. Bu sualların hər biri 1 balla qiymətləndirilir. 20 sual isə məntiqi suallardır. Məntiqi suallara verilən hər düzgün cavab 0,5 balla qiymətləndirilib. 90 mümkün baldan 60 və daha çox nəticə göstərənlər ikinci mərhələyə buraxılır.
Ümumilikdə imtahan 3 mərhələdən - test, yazılı imtahan və şifahi söhbət mərhələlərindən ibarətdir.
Yazılı imtahan 50 balla qiymətləndirilir və 30 bal toplamış namizəd növbəti mərhələyə keçir. Şifahi söhbət mərhələsində isə 40 bal toplamaq mümkündür. Bunun 20-ni toplamış namizəd prokurorluğa işə qəbul ediləcək.
2002-ci ildən başlayaraq prokurorluq orqanlarına işə qəbul yalnız test imtahanı vasitəsilə həyata keçirilir. Bu günədək prokurorluğa işə qəbulla bağlı 6 müsabiqə elan edilib. Həmin müsabiqələrin nəticələri üzrə 214 hüquqşünas prokurorluğa işə qəbul olunub. Bunlar prokurorluğun ştat vahidinin 18 faizini təşkil edir. Sonuncu imtahan 150 vakant yer üçün keçirilir və onlar tutulandan sonra prokurorluqda işləyənlərin 30 faizini, başqa sözlə, təqribən hər 3 nəfərdən birini test imtahanlarından keçmiş şəxslər təşkil edəcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]