...

Azərbaycanın müxalifət partiyasının ümumrespublika müşavirəsi çağırılıb

Siyasət Materials 7 İyun 2008 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun / Trend , müxbir C.Babayeva/ Azərbaycanın müxalifətçi Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) rayon və şəhər təşkilatları rəhbərlərinin iyunun 28-də müşavirəsi çağırılıb. Partiyanın təşkilat şöbəsinin müdiri Xəzər Teyyublunun Trend -a verdiyi məlumata əsasən, bu barədə qərar partiyanın Ali Məclisinin şənbə günü keçirilən iclasında qəbul olunub.

KXCP-nin Ali Məclisinin iclasında partiyanın prezidentliyə namizədinin müəyyən olunacağı gözlənilirdi. Keçən ilin dekabrın 16-da partiyanın Ali Məclisi KXCP-nin prezident seçkisində iştirakla bağlı qərar verib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası təşkilatın sədri, prezident İlham Əliyevin namizədliyini irəli sürəcəyini açıqlayıb. Müxalifəti təmsil edən Müsavat Partiyasının başqanı İsa Qəmbər və Ümid Partiyasının sədri İqbal Ağazadə, "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov, ADP sədri Sərdar Cəlaloğlu, Yaşıllar Partiyasının həmsədri Mais Güləliyev prezidentliyə namizədliklərini irəli sürüblər. "Azadlıq" bloku seçkilərə qatılmaqdan imtina edib. Açıq Cəmiyyət Partiyası (ACP) mövqeyini dəqiqləşdirməyib.

Teyyublunun sözlərinə görə, Ali Məclisin iclasında ölkədəki siyasi vəziyyət, Seçki Məcəlləsinə olunan əlavə və dəyişikliklər müzakirə olunub. "Ümumrespublika müşavirəsindən sonra partiyanın İdarə Heyətinin qərarı ilə iyulun ikinci yarısında Ali Məclisin növbəti iclası çağırılacaq", deyə o bildirib.

Trend -un arayışı: Klassik Xalq Cəbhəsi Partiyasının təsis qurultayı 2006-cı ilin mart ayında keçirilib. Həmin vaxta qədər partiya Azərbaycan Xalq Cəbhəsi Partiyası adına iddia edirdi və "Klassiklər" AXCP-si kimi tanınırdı. Azərbaycanın eks-prezidenti, AXCP-nin sədri Əbülfəz Elçibəyin müavini olmuş Mirmahmud Mirəlioğlu 2000-ci ildə partiyanın iki yerə parçalanmasından sonra "Klassiklər" qanadına sədrlik edib. 2006-cı ildə partiyanın adında dəyişiklik edilərək KXCP adlandırılıb.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: trend

Xəbər lenti

Xəbər lenti