...

Venesiya Komissiyası hesab edir ki Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi prosesində uyğunsuzluqlar olub

Siyasət Materials 13 İyun 2008 19:10 (UTC +04:00)
Venesiya Komissiyası hesab edir ki Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi prosesində uyğunsuzluqlar olub

Azərbaycan, Bakı, 13 iyun/ Trend , müxbir M.Əliyev/ Seçki komissiyalarının tərkibinin dəyişməz qalması və seçkiqabağı kampaniyanın müddətinin 4 aydan 75 günədək azaldılması Avropa Şurası Venesiya Komissiyasının cümə günü keçirilən plenar sessiyasında əsas tövsiyələr olub.

"Komissiyaların formalaşdırılması qaydasında dəyişikliklər edilmədiyindən, bu bənd üzrə irəliləyişin olmaması mənfi cəhət kimi qiymətləndirilib. Seçkiqabağı kampaniyanın müddətinin azaldılması barədə parlament tərəfindən qısa müddət ərzində qəbul edilmiş qərar əhalinin namizədlər haqqında məlumatlandırılması müddətinin azalmasına səbəb ola bilər. Seçkilərə 3-4 ay qalarkən belə dəyişikliklərin edilməsi Avropa normalarına uyğun deyil", - Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov cümə günü Venesiyadan bildirib.

Kuznetsov bildirib ki, namizədlərin dövlət televiziyası ilə təbliğatı məsələsi əvvəllər Venesiya Komissiyası tərəfindən müzakirə edilməyib. "Bu bizim üçün gözlənilməz olub və bu normanın necə tətbiq ediləcəyinə baxmaq lazımdır", - o bildirib.

Ötən ildən etibarən, Azərbaycan hökuməti, Avropa Şurası Venesiya Komissiyası və ATƏT DİİHB arasında 2008-ci ilin oktyabrında prezident seçkilərinədək Azərbaycanın Seçki Məcəlləsinə düzəlişlərin edilməsilə bağlı müzakirələr başlayıb.

Azərbaycan parlamenti iyulun əvvəlində Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər edib. Dəyişikliklərə əsasən, seçkiqabağı kampaniyanın müddəti 4 aydan 75 günədək azaldılıb; namizədlərin depozit hesabı əsasında qeydiyyatdan keçməsi ləvğ edilib; namizədlərin qeydiyyatı üçün zəruri imza sayı 45 mindən 40 minədək azaldılıb; dövlətin maliyyələşdirdiyi televiziya, radio və qəzetlərdə ödənişli və ödənişsiz təbliğat qadağan olunub; prezidentliyə namizədlərin seçki fondu 1 mln. manatdan 10 mln. manatadək, deputatlar üçün isə, 85 min manatdan 500 min manatadək artırılıb; hərbi hissələrdə seçki məntəqələrinin yaradılması haqqında Əsasnamə ləğv edilib; adları seçki siyahılarına daxil edilməyən şəxslərin adlarının daxil edilməsi hüququ məhkəmələrdən məntəqə seçki komissiyasına verilib; "exit-poll" aparan təşkilatlara qarşı Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmələri tələbi irəli sürülüb.

Parlament Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər layihəsini 100 səs "lehinə", 3 "əleyhinə" və 1 səs bitərəfl olmaqla, böyük çoxluqla qəbul edib.

Azərbaycanın müxalifət partiyaları Seçki Məcəlləsinə dəyişikliklərə etiraz edir. Müxalifət hesab edir ki, seçki komissiyalarının tərkibi müxalifət və hakimiyyət arasında paritet əsasda formalaşdırılmalıdır. Müxalifət liderlərinin rəyinə görə, komissiyaların hazırki tərkibi (parlamentdə çoxluq və azlıqla təmsil olunmuş partiyaların üzvləri, müstəqil deputatlar) hakimiyyətin nəzarəti altındadır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti