...

Azərbaycanın prezidenti Heydər Əliyev adina Sarayda aparilan əsasli təmir və yenidənqurma işləri ilə taniş oldu

Siyasət Materials 23 İyun 2008 23:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun/ Trend / Azərbaycanın prezidenti İlham Əliyev iyunun 23-də Heydər Əliyev adına Sarayda aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.

Dövlət başçısı əvvəlcə binanın fasadına baxdı, burada işlərin gedişi ilə maraqlandı. Prezidentə məlumat verildi ki, sarayın fasadı xüsusi mərmərlə üzlənmiş, binanın qarşı və yan tərəflərində ABŞ istehsalı olan ekran tipli şüşələr quraşdırılmışdır. Bu ekran tipli şüşələr içəridə keçiriləcək tədbirləri birbaşa sarayın xaricindən də izləməyə imkan verəcəkdir. Bu isə sarayın əsas özəlliklərindən birini təşkil edəcəkdir. Ekran tipli şüşələr şəhərin gecə görüntüsünə də xüsusi yaraşıq verəcəkdir. Onlardan monitor kimi də istifadə olunacaqdır. Bundan əlavə, interyerdəki bütün mühəndis qurğuları dünyanın ən iri meqapolislərində istifadə olunan inşaat materiallarından hazırlanır.

Dövlətimizin başçısı sarayın istismarının da yüksək səviyyədə təşkil olunması ilə bağlı tapşırıqlarını verdi.

Prezident İlham Əliyev salona da baxdı. 2128 yerlik salonda tamaşaçıların rahatlığı üçün bütün şərait yaradılır. Burada modern avadanlıq quraşdırılır. Salonu işıqlandıracaq çil-çıraqlar da xüsusi özəlliyi ilə fərqlənəcəkdir. Səhnədə də işlər sürətlə aparılır. Akustikası müasir tələblərə tam cavab verəcək səhnədə işlərin mühüm hissəsi başa çatmışdır. Liftlər və eskalatorlar yeniləri ilə əvəzlənmiş, binanın daxilində həssas avtomatik yanğınsöndürmə sistemi qurulmuşdur. İndi inzibati korpusda rəngsazlıq, foyedə, banket zalı və digər yardımçı otaqlarda bəzək işləri aparılır, xidməti otaqlar hazır vəziyyətə gətirilir. Binada xüsusi havalandırma sistemi quraşdırılmışdır. İtaliyadan alınan kondisioner və xüsusi havalandırma sistemləri artıq yerləşdirilmişdir. Sarayın həyətinə 6 min kvadratmetrdən çox mərmər və qranit döşənir, ətrafda yaşıllıqlar salınacaqdır.

Dövlət başçısı işlərin yüksək səviyyədə və keyfiyyətlə görülməsi üçün tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti