...

Azərbaycanın müxalif partiyası piket keçirmək barədə qərar verib

Siyasət Materials 10 İyul 2008 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul/ Tr , müxbir E.Babayev/ Azərbaycanın müxalif Müsavat Partiyası iyulun 11-nə planlaşdırdığı piketi təxirə salmayıb. "Bu gün partiyada aparılan müzakirələrin sonu olaraq qərara gəlindi ki, piket saat 12-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirilsin", - deyə cümə axşamı Trend -a Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Trend -un arayışı: Müsavat Bakı Şəhər İcra Hakimiyyətini iyunun əvvəllərində məhkəməyə verib. İyunun 25-də Səbail rayon məhkəməsi Müsavatın iddiası ilə bağlı qərarı çıxararaq, partiyanın iddiasını rədd edib. Partiya yaxın vaxtlarda bu qərardan apellyasiya şikayəti verib. Müsavatın iddiasında Bakı meriyasının, partiyanın mayın 4- də keçirmək istədiyi mitinqə müvafiq yer ayrılmaması ilə bağlı qərarının qanunsuz sayılaraq, ləğvi tələb olunurdu. Müsavat mayın 4-nə və 18-nə planlaşdırdığı iki mitinqi təxirə salıb. Buna Bakı meriyasının aksiyaçıları Bibiheybət qəsəbəsindəki stadiona göndərmək istəməsi olub. Partiya mitinqin keçirilməsi üçün Ukrayna meydanı, keçmiş "Qələbə" kinoteatrının qarşısı, "Nərimanov" metrostansiyasının ətrafı, Füzuli meydanı və ya "Təbriz" (keçmiş "Sevinc") kino - teatrının qarşısındakı ərazilərdən birinin ayrılmasını istəyirdi. Ötən ay partiya Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında icazəsiz piket keçirmişdi.

Hacılı Bakı Şəhər İcra Hakimiyyətinin iyulun 10-da partiyaya göndərdiyi cavab məktubunda piketə icazə verilmədiyini bildirib. "Biz bu cavabı "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna zidd hesab edirik. Aksiya zamanı hər hansı zorakılığa yol verilərsə, bu, Bakı Şəhər İcra Hakimiyyətinin qanunazidd qərarının polis tərəfindən müdafiə olunması kimi dəyərləndiriləcək. Biz burada hər hansı məsuliyyət daşımırıq. Çünki icra hakimiyyətinə göndərdiyimiz xəbərdarlıq məktubunda piketin yeri, vaxtı və piketdə iştirak edəcək adamların sayı barədə məlumat vermişik. Piketdə sərbəst toplaşmaq hüququnun pozulmasına etiraz ediləcək", - deyə o bildirib.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti