...

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın səylərini artıracağına ümid edir

Siyasət Materials 14 İyul 2008 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul/ Trend / Azərbaycan ümid edir ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ probleminin həllində səylərini artıracaq.

"Biz ölkəmizə qarşı təcavüz nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə və ədalətli həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın öz fəallığını və əzmkarlığını daha da artıracağına böyük ümidlər bəsləyirik", - Azərbaycan prezidenti İlham Əliyev Fransanın milli bayramı - Bastiliyanın alınması günü münasibətilə fransalı həmkarı Nikola Sarkoziyə ünvanladığı təbrik məktubunda bildirib.

Təbrik məktubunda qeyd edilib ki, bu gün Azərbaycan-Fransa münasibətləri müvəffəqiyyətlə inkişaf etməkdədir. Ölkələrimiz arasında daim genişlənən dostluq əlaqələri, bir sıra sahələrdə qarşılıqlı maraq doğuran səmərəli əməkdaşlığımız ikitərəfli münasibətlərimizin dinamikasının və məzmununun bariz göstəricilərindəndir.

"Biz Fransanın Azərbaycana maraq və diqqətindən, ölkəmizin qarşısında duran məsələlərin həllinə öz töhfəsini vermək istəyindən məmnunluq duyuruq. Bu qəbildən Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsi prosesinə Fransanın İttifaqa sədrliyi dövründə xüsusi dəstək vermək niyyətində olması bizim üçün çox əhəmiyyətlidir", - təbrik məktubunda bildirilib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti