...

"Seçkidə "Azadlıq" bloku cəmiyyətin yadına belə düşməyəcək" - Azərbaycanın hakim partiyası

Siyasət Materials 21 İyul 2008 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul/ Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) boykot qərarının "Azadlıq" blokunun zərərinə işləcəyi qənaətindədir. "Seçkiyə getməyən partiyalar cəmiyyətin yadına belə düşməyəcəklər. Siyasi partiyanın cəmiyyətin diqqətində qalmasının yeganə şərti seçkilərdə iştirak etməkdir", Trend -un məlumatına görə, bunu bazar ertəsi YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov deyib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisinin oktyabrın 15-də keçirilməsi nəzərdə tutulur. Üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf) təmsil olunduğu "Azadlıq" bloku iyunun 20-də seçkiləri boykot edəcəyi barədə yekun qərarını verib. Blok hesab edir ki, Azərbaycanda indiki şəraitdə demokratik seçkinin keçirilməsi mümkün deyil.

Əhmədovun sözlərinə görə, bəzi müxalifət partiyalarının seçkini boykot etmək barədə çağırışları ifadə baxımından da düzgün deyil. Azərbaycanda seçkiləri boykot edə biləcək heç bir qüvvə yoxdur. "Bir neçə partiya yalnız seçkidə iştirak etməkdən imtina edə bilər. Hər hansı partiya seçkidə iştirakdan imtina edirsə, bu, o deməkdir ki, onlar seçkidə iştirak etməyə ya hazır deyillər, ya da seçkidə onları dəstəkləyə biləcək qüvvənin olmadığını açıq şəkildə etiraf edirlər. Siyasi proseslərdə, seçkidə iştirak etmədən seçkilərin gedişinə təsir etmək mümkün deyil. Eyni zamanda, hər hansı partiya seçkiyə getmirsə, həmin partiyanın cəmiyyətdə nə qədər hörmət və nüfuza sahib olduğunu aşkara çıxarmaq mümkünsüzdür", - deyə Əhmədov vurğulayıb.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti